Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkiləri üzrə ilk məntəqə nəticələrini açıqlayıb.
MSNews.az xəbər verir ki, ilkin məlumatlar 120 seçki məntəqəsində bülletenlərin hesablanmasının nəticələrini əhatə edir. Bu, ölkə üzrə fəaliyyət göstərən 2005 seçki məntəqəsinin təxminən 6%-i deməkdir. Buna görə də açıqlanan rəqəmlər yekun nəticə kimi deyil, ilkin göstərici kimi qiymətləndirilməlidir.
İlk rəsmi nəticələrə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası 57,36% səslə liderdir. İkinci yerdə Samvel Karapetyanla əlaqələndirilən “Güclü Ermənistan” bloku qərarlaşıb. Blokun nəticəsi 21,55% təşkil edir.
Üçüncü yerdə 8,22% səslə “Ermənistan” bloku, dördüncü yerdə isə 4,88% nəticə ilə “Çiçəklənən Ermənistan” partiyası göstərilir.
Ermənistan mediası MSK-ya istinadən bildirir ki, səsvermə ölkə üzrə bütün məntəqələrdə yerli vaxtla saat 20:00-da başa çatıb və bundan sonra bülletenlərin sayılması prosesinə başlanılıb. “Armenpress”in məlumatına görə, Ermənistanda ümumilikdə 2005 seçki məntəqəsi fəaliyyət göstərib, onlardan 9-u penitensiar müəssisələrdə yerləşib.
MSK-nın yekun fəallıq məlumatına əsasən, səsvermə hüququ olan 2.503.976 vətəndaşdan 1.476.597 nəfəri seçkilərdə iştirak edib. Bu, ümumi seçicilərin 58,97%-i deməkdir.