Gürcüstanın sabiq baş prokuroru qətlin təşkilində ittiham olunur

Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Parçxaladze iş adamı Levan Canqveladzenin qətlini təşkil etməkdə ittiham edilir. Onua 20 il həbs və ya ömürlük cəza gözləyir.

100

Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Parçxaladze iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham edilib. Canqveladze kriminal aləmdə nüfuzlu şəxs kimi tanınan, “qanuni oğru” Merab “Suxumski”nin qardaşı olub.

Gürcüstan Daxili İşlər Nazirliyinin müavini Aleksandr Daraxvelidze brifinq zamanı bildirib ki, istintaqın nəticələrinə əsasən, cinayət qrupunun “şərtsiz lideri” kimi qəsdən törədilmiş bu qətlin birbaşa idarəçisi məhz Otar Romanov-Parçxaladze olub.

Diqqətçəkən məqamlardan biri odur ki, Gürcüstanın rəsmi strukturları ilk dəfə olaraq Parçxaladzenin Rusiyaya köçdükdən sonra götürdüyü ikili soyaddan – “Romanov-Parçxaladze” rəsmi şəkildə istifadə ediblər.

Levan Canqveladze 14 mart 2025-ci ildə Tbilisinin mərkəzində, Çavçavadze prospektində güllələnərək öldürülüb. Yerli KİV-lərin məlumatına görə, o, daimi olaraq Rusiyada yaşayıb və Gürcüstana dəfn mərasimi ilə bağlı səfər edib.

Otar Parçxaladze ağırlaşdırıcı hallarla qəsdən adam öldürmənin təşkilində ittiham olunur. Cinayət Məcəlləsinə əsasən, bu maddə üzrə 16 ildən 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onun vəkili Qagi Mosiyaşvili bildirib ki, müvəkkili ittihamları qəbul etmir.

Hazırda Parçxaladze Moskva şəhərində yaşayır və konsaltinq şirkətinə rəhbərlik edir. Gürcüstan DİN onun beynəlxalq axtarışa veriləcəyini açıqlayıb. Parlamentin sədri Şalva Papuaşvili isə sabiq baş prokurorun Gürcüstan vətəndaşlığını itirdiyini və Rusiya vətəndaşlığı aldığını bildirib. Bu faktın ekstradisiya prosesini xeyli çətinləşdirdiyi vurğulanıb.

Otar Parçxaladze 2013-cü ilin noyabr–dekabr aylarında Gürcüstanın baş prokuroru vəzifəsində çalışıb. O, Almaniyada idman ayaqqabısı oğurluğuna görə məhkum olunması ilə bağlı məlumatlar yayıldıqdan sonra istefa verməyə məcbur olub.

Sonrakı illərdə də bir neçə qalmaqalda adı hallanıb:

  • 2017-ci ildə baş auditor Laşa Tordiyanın döyülməsi,

  • 2018-ci ildə sabiq idman naziri Levan Kipianinin qaçırılması iddiaları.

Hər iki cinayət işi ittiham irəli sürülmədən bağlanıb. Müşahidəçilər bunu Parçxaladzenin “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilinin ailəsinə yaxınlığı ilə əlaqələndiriblər.

2023-cü ilin payızında ABŞ Parçxaladze barəsində sanksiyalar tətbiq edib. O, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə mümkün əlaqələrdə və Gürcüstan siyasətinə Moskvanın maraqları naminə təsir göstərməkdə ittiham olunub. Həmin vaxt Gürcüstan Milli Bankı məhkəmə qərarı olmadan onun hesablarını dondurmaqdan imtina edib.

2025-ci ilin sentyabrında Böyük Britaniya da sanksiyalara qoşularaq bildirib ki, Parçxaladze Rusiya hakimiyyət strukturları ilə əməkdaşlıqdan maddi fayda əldə edib və “strateji əhəmiyyətli” broker şirkətinə rəhbərlik edib.