Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Prezident Volodimir Zelenskiyə Donbasın Kiyevin nəzarətində qalan hissəsində Rusiyanın öz suverenliyini elan etməsinə imkan verəcək heç bir kompromisə razı olmamağı tövsiyə etdiyini bildirib.
MSNews.az xəbər verir ki, Budanov bunu “The New York Times” qəzetinə müsahibəsində açıqlayıb.
Budanovun sözlərinə görə, Rusiyanın həmin ərazilərdə bayraq qaldıraraq nəzarət iddiası irəli sürməsinə imkan verəcək razılaşma Moskvanın hərbi yolla ələ keçirə bilmədiyi əraziləri danışıqlar vasitəsilə əldə etməsi demək olardı.
“Donbas üzrə Rusiyanın bayrağını qaldıraraq nəzarəti öz adına çıxmasına imkan verəcək heç bir kompromisə razı olmamağı Zelenskiyə tövsiyə etmişəm”, – deyə Budanovun mövqeyini nəşr çatdırıb.
“The New York Times” yazır ki, 2026-cı ilin əvvəlində ABŞ nümayəndəsi Stiv Uitkoff, Ukrayna və Rusiya danışıqlar aparan tərəflər ilkin 20 bəndlik sülh çərçivəsini iki əsas həll olunmamış məsələyə qədər daraldıblar. Bunlardan biri Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının gələcək idarəçiliyi, digəri isə Ukraynanın Donbasda nəzarət etdiyi ərazilərin statusu olub. Söhbət qismən dağıdılmış dörd orta ölçülü şəhər və geniş kənd təsərrüfatı ərazisindən gedir.
Əbu-Dabidə keçirilən danışıqlarda Donbasın müharibədən sonrakı idarəçiliyi üçün bir neçə qeyri-standart variant da müzakirə edilib. Budanovun sözlərinə görə, təkliflər arasında ərazinin özəl hərbi podratçıların idarəçiliyinə verilməsi, Donald Trampın “Sülh Şurası”nın nəzarətinə keçirilməsi və ya Ukrayna-Rusiya birgə mülki administrasiyasının yaradılması olub. Bu variantların heç biri yekun razılaşma kimi qəbul edilməyib.
Üçtərəfli ABŞ-Ukrayna-Rusiya danışıqlarının ilk raundu yanvarın 23-24-də, ikinci raundu isə fevralın 4-5-də Əbu-Dabidə keçirilib. “Interfax-Ukrayna” həmin görüşlərdə əsas fikir ayrılıqlarının Donbas və Zaporojye AES ətrafında qaldığını bildirir.
Budanov eyni zamanda kompromis axtarışına prinsipcə qarşı olmadığını vurğulayıb. “Ukrayna üçün şərtlər məqbul olarsa, müharibəni bitirəcək istənilən addıma hazıram”, – o bildirib. Prezident Ofisinin rəhbəri tərəflərin bir-birinə etibar etməməsini müharibə şəraitində təbii hesab etsə də, “müharibənin əbədi davam edə bilməyəcəyini” deyib.
Budanovun qiymətləndirməsinə görə, ABŞ vasitəçiliyi ilə danışıqlar sentyabrın sonunda yenidən başlaya bilər. O, bunun Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri ilə başlanacağını gözləyir. Bununla belə, Budanov real atəşkəs üçün şəraitin 2027-ci ilin yazından əvvəl formalaşacağına inanmır və Rusiyanın qışda Ukraynaya qarşı yeni genişmiqyaslı hava kampaniyasına başlayacağını ehtimal edir.
“Danışıqlar gec-tez nəyəsə gətirib çıxaracaq. Bütün ömrün boyu müharibə edə bilməzsən”, – Budanov bildirib.