ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə baş tutan görüşü “çox yaxşı” kimi dəyərləndirib və Ukraynada davam edən müharibənin sona çatması istiqamətində mühüm irəliləyişin müşahidə olunduğunu bildirib.
Davosda mediaya qapalı şəkildə təxminən bir saat davam edən görüşdən sonra jurnalistlərə açıqlama verən Tramp, tərəflərin münaqişənin dayandırılması məsələsində eyni mövqedə olduğunu vurğulayaraq, beynəlxalq ictimaiyyətin də bu müharibənin bitməsini istədiyini qeyd edib.
ABŞ Prezidenti bildirib ki, münaqişənin diplomatik yolla həlli üçün müxtəlif kanallar üzərindən təmaslar davam etdirilir və bu çərçivədə Rusiya Prezidenti Vladimir Putin, eləcə də ABŞ tərəfdən Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə əlavə görüşlərin keçirilməsi planlaşdırılır.
Zelenski də görüşdən sonra verdiyi qısa açıqlamada Tramp ilə danışıqları “çox yaxşı” kimi xarakterizə edib və tərəflər arasında konstruktiv dialoqun mövcud olduğunu bildirib. Ukrayna Prezidenti sosial media hesabında paylaşdığı mesajda Davosda keçirilən görüşün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, müharibənin sona çatdırılması üçün hazırlanan sənədlər üzərində heyətlərin demək olar ki, hər gün işlədiyini və bu sənədlərin artıq daha yetkin və konkret mərhələyə çatdığını qeyd edib.
Zelenski görüş zamanı Ukraynanın hava hücumlarından müdafiə imkanlarının gücləndirilməsi məsələsinə də toxunulduğunu açıqlayıb və ABŞ tərəfindən daha əvvəl göndərilmiş hava hücumundan müdafiə raketlərinə görə təşəkkür etdiyini, eyni zamanda əlavə hərbi yardım paketi tələb etdiyini bildirib. Davos görüşü beynəlxalq müşahidəçilər tərəfindən Ukrayna böhranının gələcəyi baxımından mühüm diplomatik siqnal kimi qiymətləndirilir və Trampın verdiyi açıqlamalar münaqişənin siyasi həllinə dair gözləntiləri artırıb.