Gürcüstanın paytaxtı Tbilisidə “İvanişvilisiz Gürcüstan” şüarı altında etiraz aksiyası keçirilir. Nümayişçilər hakim Gürcü Arzusu partiyasının bir sıra müxalifət partiyalarının fəaliyyətini qadağan etmək təşəbbüsünə etiraz edirlər.
MSNews.az xəbər verir ki, oktyabrın 25-də Tbilisi Dövlət Universitetinin birinci korpusu qarşısına toplaşan etirazçılar Rustaveli prospekti istiqamətində yürüşə başlayıblar.
Bu barədə “Qruziya Online” məlumat yayıb.
Müxalifət ölkə miqyasında yeni etiraz kampaniyasına başladığını elan edib. Dəyişikliklər naminə Koalisiyanın liderlərindən Nika Qvaramiya bildirib ki, oktyabrın 25-də keçirilən nümayiş daha geniş etiraz dalğasının başlanğıcıdır.
Onun sözlərinə görə, müxalifətin əsas məqsədi etirazların miqyasını genişləndirmək və noyabrın 28-də Tbilisidə böyük nümayiş keçirməkdir.
“Interpressnews” agentliyinin məlumatına görə, Qvaramiya müxalifət partiyalarının qadağan edilməsinin siyasi mübarizəni dayandırmayacağını vurğulayıb.
Hakimiyyət həmin partiyaları ölkənin konstitusiya quruluşuna təhlükə yaratmaqda ittiham edir. Müxalifət isə iddiaları rədd edərək təşəbbüsün siyasi rəqabəti məhdudlaşdırmağa yönəldiyini bildirir.
“Reuters” agentliyinin məlumatına görə, Konstitusiya Məhkəməsi oktyabrın 21-də bununla bağlı işə baxmağa başlayıb.
Müxalifət nümayəndələri həmin gün daha geniş iştirakla nümayiş keçirməyi hədəflədiklərini bildirirlər.