Tehran yaxınlığında zavodda partlayış: 18 nəfər yaralanıb

Tehranın cənubundakı Şəmsabad Sənaye Şəhərciyində baş verən partlayışda 18 nəfər yaralanıb. Hadisənin PUA zavoduna hücum olması barədə iddialar təsdiqlənməyib.

69

Tehranın cənubunda yerləşən Şəmsabad Sənaye Şəhərciyindəki istehsal müəssisəsində güclü partlayış baş verib.

MSNews.az xəbər verir ki, “Mehr” Tehran vilayətinin təcili yardım xidmətinin sözçüsü Şərvin Təbriziyə istinadən hadisə nəticəsində 18 nəfərin yaralandığını bildirib. Onlardan dördü müalicə üçün xəstəxanaya aparılıb. Partlayış dalğası yaxınlıqdakı təcili yardım məntəqəsinə də ziyan vurub, lakin əməkdaşlar həmin vaxt çağırışda olduqları üçün xəsarət alan olmayıb.

Şəmsabad Sənaye Şəhərciyinin rəhbərliyində təmsil olunan Davud Vəli partlayışın alüminium istehsalı sahəsində fəaliyyət göstərən müəssisənin yanacaq çənində başlayan yanğından sonra baş verdiyini açıqlayıb. Yanğın nəzarətə alınıb, hadisənin dəqiq səbəbi araşdırılır.

Sosial şəbəkələrdə obyektin PUA istehsalı ilə məşğul olduğu və partlayışdan əvvəl raket səsinə bənzər səs eşidildiyi iddia edilib. Lakin bu məlumatları təsdiqləyən rəsmi sübut təqdim olunmayıb. İran rəsmilərinin ilkin açıqlamalarında hadisə sənaye qəzası kimi qiymətləndirilir və raket, PUA və ya xarici hücum versiyası təsdiqlənmir.