Çində robot polislər küçə patruluna çıxıb

Çinin Şençjen şəhərində humanoid və təkərli robotlar, robot-itlər, dronlar və pilotsuz patrul avtomobillərinin istifadə olunduğu robotlaşdırılmış polis məntəqəsi fəaliyyətə başlayıb.

67

Çinin Şençjen şəhərinin Longqan rayonunun Bantian ərazisində humanoid robotlardan dron və pilotsuz avtomobillərədək müxtəlif ağıllı sistemlərin polis əməkdaşları ilə birgə istifadə olunduğu robotlaşdırılmış polis məntəqəsi fəaliyyətə başlayıb.

MSNews.az xəbər verir ki, Şençjen şəhər hökuməti iyulun 10-da Bantian polis məntəqəsinin robot texnologiyalarını real polis əməliyyatlarında istifadəyə verdiyini açıqlayıb. Layihə şəhərin polis fəaliyyətində avtomatlaşdırma və insan-robot əməkdaşlığını genişləndirmək məqsədi daşıyır.

Məntəqənin arsenalına humanoid robotlar, təkərli patrul robotları, dördayaqlı robotlar — “robot-itlər”, dronlar, pilotsuz patrul avtomobilləri, ağıllı eynəklər və xüsusi polis avtomobilləri daxildir. Lonqqan rayon hökuməti bildirir ki, bu sistemlər avtomatik patrul, anomal davranışların müəyyənləşdirilməsi, təcili siqnalların qəbulu, itkin şəxslərin axtarışı, məlumatlandırma və fövqəladə vəziyyətlərə reaksiya kimi tapşırıqları yerinə yetirə bilir.

Robotlar küçələrdə patrul həyata keçirərkən polis dronları əvvəlcədən müəyyən edilmiş marşrutlarla havadan müşahidə aparır. Bununla da Şençjen polisi ərazinin eyni vaxtda həm havadan, həm də qurudan nəzarətdə saxlanıldığı “hava-yer” patrul sistemindən istifadə edir.

Robotlar, dronlar və digər ağıllı terminalların topladığı görüntülər real vaxt rejimində komanda mərkəzinə ötürülür. Operatorlar burada vəziyyəti canlı izləyə, tapşırıqlar verə və polis resurslarını hadisə yerinə yönləndirə bilirlər. Rəsmi məlumata görə, əsas məqsəd robotların polisi əvəz etməsi deyil, insan əməkdaşlarla koordinasiyalı işləyərək hadisələrə reaksiya müddətini azaltmaqdır.

Şençjendə bu istiqamətdə sınaqlar daha əvvəl də aparılıb. Şençjen Yol Polisi fevral ayında Bantian küçələrində robot yol polisinin istifadə edildiyini açıqlamışdı. Sistem yol hərəkəti qaydasının pozulmasını aşkarladıqda xəbərdarlıq siqnalı verir, yol polisi jestlərini nümayiş etdirir və səsli xəbərdarlıq vasitəsilə sürücü və piyadalara müraciət edir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti