Çində dünyada ilk bionik humanoid robot xəbər aparıcıları təqdim olunub. Süni intellektlə təchiz edilmiş robotlar televiziya xəbərlərini səsləndirmək, insan mimikalarını təqlid etmək və auditoriya ilə qarşılıqlı əlaqə qurmaq üçün hazırlanıb.
MSNews.az xəbər verir ki, Çinin “Sinxua” xəbər agentliyi və yerli robototexnika şirkəti UBTECH tərəfindən hazırlanan robotlar noyabrın 5-də Pekində keçirilən VII Dünya Media Sammitində nümayiş etdirilib. Agentlik onları dünyada bu məqsədlə hazırlanmış ilk bionik humanoid xəbər aparıcıları kimi təqdim edib.
“Sinyuy” (Xinyu) və “Sinyan” (Xinyan) adlandırılan kişi və qadın robotlar real insan ölçülərində hazırlanıb. Onlar süni dəri, mimika və hərəkətləri idarə edən mexanizmlər, həmçinin böyük dil modelləri ilə təchiz olunub.
Robotlar “Sinxua”nın süni intellekt əsaslı xəbər məlumat bazasına qoşularaq yoxlanılmış informasiyaları əldə edə və onları tamaşaçılara təqdim edə bilirlər. Bu texnologiyanın xəbərlərin hazırlanması zamanı süni intellektin yanlış məlumat yaratması riskini azaltmaq məqsədi daşıdığı bildirilir.
“UzDaily” nəşrinin məlumatına görə, robotların xarici görünüşünün hazırlanmasına məşhur çinli kinorejissor Can İmou rəhbərlik edib. Təqdimat zamanı robotlardan biri səhnədə xəbər səsləndirərək imkanlarını nümayiş etdirib.
“Sinxua” robotların jurnalistləri əvəz etmək üçün deyil, redaksiyaların fəaliyyətinə kömək məqsədilə hazırlandığını vurğulayıb. Gələcəkdə onların çoxdilli xəbər təqdimatlarında, canlı ünsiyyətdə və müxtəlif informasiya tədbirlərində istifadəsi planlaşdırılır.