İspaniya Super Kubokunun final qarşılaşmasında futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi El-Klasiko baş tutub. Səudiyyə Ərəbistanında keçirilən həlledici oyunda “Barcelona” və “Real Madrid” üz-üzə gəlib.
Son çempion olan Kataloniya təmsilçisi ötən il olduğu kimi bu il də Super Kuboku qazanaraq ardıcıl ikinci dəfə titula sahib çıxıb.
La Liqada 4 xallıq üstünlüklə lider olan “Barcelona” finala yüksək motivasiya ilə çıxsa da, ikinci pillədə qərarlaşan “Real Madrid” də prinsipial görüşdə geri çəkilmək niyyətində deyildi.
Start heyətləri
“Barcelona”: Xoan Qarsiya, Kunde, Kubarsi, Erik Qarsiya, Balde, Frenki de Yonq, Pedri, Fermin Lopez, Rafinya, Lamin Yamal, Robert Levandovski.
“Real Madrid”: Tibo Kurtua, Valverde, Asensio, Höysen, Karreras, Tçuameni, Kamavinqa, Qonzalo Qarsiya, Cud Bellingem, Vinisius Junior, Rodriqo.
Qarşılaşmanın 36-cı dəqiqəsində “Barcelona” hesabda önə keçib. Rafinya Fermin Lopezin dəqiq ötürməsindən sonra topu qapıdan keçirərək hesabı açıb. İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə isə Vinisius Junior “Real Madrid”in cavab qolunu vuraraq hesabı bərabərləşdirib.
İlk yarının son dəqiqələri olduqca dramatik alınıb. 45+4-cü dəqiqədə Robert Levandovski katalonları yenidən önə çıxarsa da, cəmi iki dəqiqə sonra Qonzalo Qarsiya “kral klubu”nun bərabərlik qolunu vurub və ilk hissə 2:2 hesabı ilə yekunlaşıb.
İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun taleyini isə 73-cü dəqiqədə Rafinya həll edib. Braziliyalı hücumçu dubla imza ataraq komandasını 3:2 hesabı ilə önə çıxarıb. Qarşılaşmada başqa qol qeydə alınmayıb.
Matçın son anlarında, 90+1-ci dəqiqədə Kilian Mbappeyə qarşı kobud oyuna görə Frenki de Yonq birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, “Barcelona” El-Klasikoda “Real Madrid”i 3:2 hesabı ilə məğlub edərək İspaniya Super Kubokunu başı üzərinə qaldırıb.