Braziliya Futbol Konfederasiyasının prezidenti Samir Xaudun adı maliyyə qalmaqalında hallanır.
MSNews.az xəbər verir ki, “BP Money” “Portal Leo Dias”-a istinadən yazır ki, Xaudun Nyu-York səfəri zamanı Kamila Kristina Andrade adlı qadının “Hyatt Regency Grand Central” otelində qalması ilə bağlı xərclər BFK ilə əlaqələndirilib.
Məlumata görə, Andrade 2-10 iyun tarixlərində Nyu-Yorkda qalıb. Otel xərclərinin 59424 real, yəni təxminən 11,5 min dollar olduğu bildirilir.
Braziliya mediası yazır ki, qadının otel rezervasiyası Samir Xaudun adı ilə əlaqələndirilib. İddialara görə, Xaud həmin dövrdə Dünya Kuboku ilə bağlı beynəlxalq tədbirlərdə iştirak edib, daha sonra isə Meksikada turnirin açılış mərasiminə həyat yoldaşı ilə qatılıb.

“New York Post” yazır ki, Xaud və Andrade iyunun 3-də Nyu-Yorkda “Harry Cipriani” restoranında birlikdə görüntüləniblər. Nəşrin məlumatına görə, daha sonra onlar CBF tərəfindən kirayələndiyi iddia olunan avtomobillə məkanı tərk ediblər.
Qalmaqal təkcə Nyu-York səfəri ilə məhdudlaşmayıb. “Portal Léo Dias” digər bir iddiada Tamires Fernandes Barselyos, sosial şəbəkələrdə Tata Barselyos kimi tanınan influenserin də BFK xərcləri ilə Qətərə səfər etdiyini yazıb.

Məlumata görə, Barselyos 2025-ci ilin dekabrında Doha şəhərinə gedib. Onun “Emirates” aviaşirkəti ilə biznes sinif uçuşu və “The Ritz-Carlton Doha” otelində qalması ilə bağlı xərclərin BFK ilə əlaqələndirildiyi iddia olunur.
Braziliya mediası bu səfərin klublararası turnirin finalı ilə bağlı olduğunu yazır. İddialara görə, Barselyos həmin matç üçün bilet də əldə edib.
BFK isə ittihamları rədd edib. “Veja” yazır ki, konfederasiya rəsmi açıqlamasında qurumun vəsaitlərindən şəxsi məqsədlər üçün istifadə olunması barədə məlumatları qəbul etmədiyini bildirib.
BFK-nın açıqlamasında bütün xərclərin təşkilatın institusional fəaliyyəti ilə bağlı olduğu, rəhbər şəxslərin şəxsi xərclərinin isə özləri tərəfindən qarşılandığı qeyd olunub. Konfederasiya şəffaflıq və inzibati məsuliyyət prinsiplərinə sadiq olduğunu bildirib.
Bununla belə, qalmaqal Braziliya futbolunda geniş müzakirə yaradıb. Xaudun adı həm şəxsi həyat, həm də BFK vəsaitlərinin istifadəsi ilə bağlı suallar fonunda gündəmə gəlib.
Hazırda əsas məsələ bu xərclərin həqiqətən BFK büdcəsindən ödənilib-ödənilmədiyi və onların rəsmi tədbirlərlə əlaqəsinin olub-olmamasıdır. İddialar sübut olunarsa, bu, Braziliya futbol rəhbərliyi üçün ciddi reputasiya zərbəsinə çevrilə bilər.