Roberto Karlos İslamı qəbul edib?

Türkiyəli deputat Əli Şahin braziliyalı futbol əfsanəsi Roberto Karlosun təxminən dörd həftə əvvəl kəlmeyi-şəhadət gətirərək İslamı qəbul etdiyini bildirib. Keçmiş futbolçunun özündən hələ rəsmi təsdiq gəlməyib.

39

Braziliya və dünya futbolunun əfsanəvi simalarından Roberto Karlosun İslam dinini qəbul etdiyi iddia olunur. Məlumatı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) deputat Əli Şahin Braziliyadakı müsəlman icmasının nümayəndəsinə istinadən yayıb.

MSNews.az xəbər verir ki, Əli Şahin San-Pauluda Şeyx Cihad Hammadeh ilə görüşündən sonra “X” hesabında Roberto Karlosun uzun müddətdir din xadimi ilə əlaqə saxladığını bildirib. Şahinin Hammadehə istinadən verdiyi məlumata görə, keçmiş futbolçu təxminən dörd həftə əvvəl onu ziyarət edib, kəlmeyi-şəhadət gətirib və İslamı seçib.

Türkiyənin “Cumhuriyet” qəzeti də məlumatın birbaşa Şahinin Hammadehdən eşitdiyi açıqlamaya əsaslandığını yazır. Nəşr qeyd edir ki, Roberto Karlos və ya onun ailəsi hələlik məsələ ilə bağlı ictimai açıqlama verməyib. “GOAL” da Roberto Karlosun özündən İslamı qəbul etdiyini təsdiqləyən birbaşa açıqlamanın gəlmədiyini vurğulayır.

İddia Roberto Karlosun mərakeş əsilli futbol agenti Souhaila Ettahiri ilə evliliyinə dair görüntülərin yenidən sosial şəbəkələrdə yayılmasından sonra gündəmə gəlib. “Morocco World News” yazır ki, cütlüyün nikahı barədə məlumatlar daha əvvəl yayılmışdı, son günlər sosial mediada populyarlaşan fotolar isə iyulda keçirilmiş şəxsi mərasimdə çəkilib.

Roberto Karlos 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olub, karyerasının ən uğurlu illərini “Real Madrid”də keçirib və Türkiyədə “Fənərbağça”nın da formasını geyinib.