Azərbaycan və Ermənistan QHT nümayəndələrinin dəyirmi masası başladı

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb. Görüşdə dialoq, birbaşa əlaqələr və sülh prosesinin cari vəziyyəti müzakirə olunur.

30

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti dəyirmi masa işə başlayıb. “AZƏRTAC”-ın məlumatına görə, tədbirdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqi məsələləri müzakirə olunur. (azertag.az)

Məlumata əsasən, erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olub, bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib. Görüş 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində təşkil olunur.

Dəyirmi masanın gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, eləcə də regiondakı vəziyyətin müzakirəsi daxildir. Müzakirə sessiyaları cəmiyyət səviyyəsində sülhün təşviqi və növbəti mərhələlərdə etimadın artırılması məsələlərinə həsr olunacaq.