“Apple” şirkətində rəhbərlik dəyişikliyi baş verir. Uzun illərdir şirkətin baş icraçı direktoru olan Tim Kuk vəzifəsindən ayrılacaq. Məlumata görə, o, bundan sonra icraçı sədr postuna keçəcək.

Şirkətin yeni CEO-su isə Con Ternus olacaq. Onun sentyabrın 1-dən etibarən vəzifəsinin icrasına başlayacağı bildirilir. Ternus hazırda “Apple”-ın cihaz mühəndisliyi istiqamətinə rəhbərlik edir və “iPhone”, “iPad”, “Mac” kimi əsas məhsulların hazırlanmasında mühüm rol oynayıb.

Tim Kuk 2011-ci ildə Stiv Cobsdan sonra “Apple”-a rəhbərlik etməyə başlamışdı. Onun dövründə şirkət dünyanın ən dəyərli texnologiya nəhənglərindən birinə çevrilib, bazar dəyəri isə 3 trilyon dollar həddini keçib. Eyni zamanda, “Apple” xidmətlər, çip istehsalı və geyilə bilən texnologiyalar sahəsində ciddi genişlənmə yaşayıb.
Con Ternus isə şirkətdə daha çox texniki yanaşması və məhsul inkişafındakı təcrübəsi ilə tanınır. Analitiklər hesab edirlər ki, onun rəhbərliyi dövründə “Apple” dizayn və marketinqdən daha çox mühəndislik, “hardware” yenilikləri və süni intellekt texnologiyalarına fokuslana bilər.
Yeni rəhbərlik dəyişikliyi “Apple” üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirilir. Şirkətin növbəti illərdə “iPhone”, “Mac” və süni intellekt sahəsində hansı yenilikləri təqdim edəcəyi böyük maraq doğurur.