Rusiyanın internet məkanında (Runet) genişmiqyaslı texniki nasazlıqlar qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində istifadəçilər bank tətbiqlərinin, onlayn ticarət platformalarının, yemək çatdırılması xidmətlərinin və dövlət elektron xidmətlərinin fəaliyyətində eyni vaxtda yaranan problemlərdən şikayətləniblər. Nasazlıqlar Rusiyanın ən böyük banklarından və texnologiya şirkətlərindən bəzilərinin xidmətlərinə də təsir göstərib.
MSNews.az xəbər verir ki, bu barədə Rusiyanın “SecurityLab” və “Sravni.ru” nəşrləri monitorinq platformalarının məlumatlarına istinadən xəbər yayıb.
Oktyabrın 14-də başlayan problemlər zamanı istifadəçilər müxtəlif internet saytlarının açılmadığını, mobil tətbiqlərə daxil ola bilmədiklərini, elektron ödənişlərin və sifarişlərin həyata keçirilməsində çətinliklər yaşadıqlarını bildiriblər.
Məlumata görə, nasazlıqlar barədə şikayətlər bir neçə fərqli sahəni əhatə edib.
“Sberbank Online”, “Toçka Bank”, “Rosselxozbank”, “Mail.ru”, “Ozon”, “Samokat” və “Kontur” xidmətlərinin fəaliyyətində problemlər qeydə alınıb.
Bəzi istifadəçilər “Sberbank”ın süni intellekt xidməti “GigaChat”a daxil ola bilmədiklərini, digərləri isə “Samokat” vasitəsilə ərzaq sifarişlərini tamamlamaqda çətinlik çəkdiklərini bildiriblər.
Rabitə operatorları və internet provayderlərinin xidmətləri ilə bağlı da şikayətlər daxil olub.
Rusiyanın “CyberMeta” nəşrinin məlumatına görə, problemlər barədə müraciətlər arasında MTS, “Meqafon”, T2, “Rostelekom”, “Avito”, “Yandeks” və “Qosusluqi” portalının istifadəçiləri də yer alıb.
Kütləvi nasazlıqlar “Sberbank”ın Saratov vilayətinin Balakovo şəhərində yerləşən məlumat emalı mərkəzinə pilotsuz uçuş aparatları ilə hücum edilməsindən sonra qeydə alınıb.
Oktyabrın 14-də bankın idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin data-mərkəzinə hücum faktını təsdiqləyib.
Lakin bank rəsmisi bütün sistemlərin və xidmətlərin normal qaydada işlədiyini, əməkdaşlar arasında xəsarət alan olmadığını bildirib.
Bu barədə “RBK” məlumat yayıb.
“SecurityLab” nəşri qeyd edir ki, müxtəlif şirkətlərdə eyni vaxtda yaranmış texniki problemlərin vahid səbəbdən qaynaqlandığını söyləmək üçün kifayət qədər məlumat yoxdur.
Son günlər Rusiyanın digər böyük texnologiya şirkəti olan “Yandeks”in data-mərkəzləri də pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb.
“Reuters” agentliyinin məlumatına görə, Kaluga vilayətində yerləşən data-mərkəzə hücumdan sonra şirkətin bəzi xidmətlərində fasilələr yaranıb.
Oktyabrın 15-də Rusiyanın Federal Vergi Xidmətinin elektron sistemlərində də nasazlıqlar qeydə alınıb. “The Moscow Times” nəşrinin məlumatına görə, istifadəçilər şəxsi kabinetlərə daxil ola və elektron sənədləri yükləyə bilmədiklərini bildiriblər.