ABŞ-nin texnologiya nəhəngi “Apple”ın bazar kapitallaşması tarixdə ilk dəfə 5 trilyon dolları ötüb.
MSNews.az xəbər verir ki, şirkətin səhmlərinin qiyməti iyulun 28-də keçirilən birja əməliyyatları zamanı yüksələrək “Apple”ın bazar dəyərini qısa müddətə təxminən 5,04 trilyon dollara çatdırıb. Beləliklə, “Apple” 5 trilyon dollarlıq həddi keçən dünyada ikinci açıq səhmdar cəmiyyəti olub.
İyulun 29-da ticarət zamanı “Apple” səhmlərinin qiyməti 343 dollardan yuxarı qalxıb, şirkətin bazar kapitallaşması isə təxminən 5,06 trilyon dollar təşkil edib. Bazar dəyəri səhm qiymətinin dəyişməsindən asılı olduğuna görə bu göstərici ticarət ərzində yenidən 5 trilyon dollardan aşağı düşə bilər.
“Reuters” daha əvvəl “Apple”ın 4,88 trilyon dollarlıq bazar dəyəri ilə “Nvidia”nı geridə qoyaraq dünyanın ən qiymətli şirkətinə çevrildiyini yazmışdı.
5 trilyon dollarlıq göstəriciyə tarixdə ilk dəfə süni intellekt çiplərinə yüksək tələbat sayəsində sürətlə böyüyən “Nvidia” nail olub. Hazırda şirkətin bazar kapitallaşması təxminən 4,74 trilyon dollar səviyyəsindədir.
“The Guardian” “Apple” səhmlərinin bahalaşmasını investorların süni intellekt infrastrukturu üçün həddindən artıq xərc çəkən şirkətlərdən daha sabit pul axınına malik müəssisələrə yönəlməsi ilə əlaqələndirib. Nəşrin məlumatına görə, “Apple”ın səhmləri ilin əvvəlindən etibarən təxminən 24 faiz bahalaşıb.
Şirkətin bazar dəyərindəki yüksəliş “Apple”ın iyulun 30-da açıqlayacağı rüblük maliyyə nəticələri ərəfəsində baş verib. İnvestorlar xüsusilə “iPhone” satışları, xidmətlər bölməsinin gəlirləri və şirkətin süni intellekt strategiyası ilə bağlı göstəriciləri izləyəcəklər.