Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Kürşat Zorlu Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi kimi qoşulması təklifinə münasibət bildirib. O, təşkilatın mövcud qaydalarına əsasən, Rusiyanın müşahidəçi statusu almaq üçün tələb olunan dil meyarına cavab vermədiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, Zorlu bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiyanın TDT-yə müşahidəçi kimi qəbul olunması təklifini şərh edərkən danışıb. Onun açıqlamasını Türkiyənin “Anadolu Agentliyi” yayıb.
Zorlu bildirib ki, 2021-ci ildə İstanbul Zirvə Görüşündə qəbul edilmiş qaydalara əsasən, müşahidəçi statusuna müraciət edən dövlət türk dillərindən və ya onlara qohum dillərdən birini bütün ölkə ərazisində rəsmi dil kimi qəbul etməlidir.
“Bu dil yalnız ölkənin müəyyən bölgəsində deyil, bütün ərazisində rəsmi yazışma dili olmalıdır”, – deyə Zorlu vurğulayıb.
Onun sözlərinə görə, Rusiyada Tatarıstan, Başqırdıstan və Yakutiya kimi türk xalqlarının yaşadığı respublikaların mövcudluğuna baxmayaraq, həmin dillər Rusiya Federasiyası səviyyəsində ümumdövlət rəsmi dili statusuna malik deyil.
Bununla belə, Zorlu Rusiya ilə bütün əməkdaşlıq imkanlarını rədd etməyib. O bildirib ki, müşahidəçi statusunun tələblərinə cavab verməyən üçüncü ölkələrlə münasibətlərin inkişafı üçün ayrıca “TDT+” mexanizmi mövcuddur. Bu format çərçivəsində əməkdaşlıq üzv dövlətlərin ortaq razılığı ilə həyata keçirilə bilər.
Türkiyəli siyasətçi Rusiyanın tərkibində yaşayan türk xalqları ilə mədəni əlaqələrin bərpasının əhəmiyyətini də vurğulayıb.
Zorlu xatırladıb ki, 1993-cü ildə yaradılmış TÜRKSOY təşkilatının fəaliyyətinə Rusiyadan Altay, Tuva, Çuvaşiya, Başqırdıstan, Yakutiya və Tatarıstan da qoşulmuşdu. Lakin 2015-ci ildə Moskvanın qərarı ilə bu respublikaların təşkilatla əməkdaşlığı faktiki olaraq dayandırılıb.
Həmin dövrdə Rusiya Mədəniyyət Nazirliyi bir sıra respublikaların rəhbərlərinə TÜRKSOY ilə əlaqələrin dərhal dayandırılması barədə göstəriş göndərmişdi. Bu məlumatı “İnterfaks” agentliyi 30 noyabr 2015-ci ildə dərc etmişdi.
Zorlu dondurulmuş mədəni əməkdaşlığın yenidən canlandırılmasını təklif edib. Onun fikrincə, Rusiya ilə türk dünyası arasında tarixi və mədəni əlaqələr münasibətlərin inkişafı üçün əsas ola bilər.
Hazırda TDT-nin tamhüquqlu üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusuna malikdir.
Qeyd edək ki, Ankaranın Rusiyanın üzvlüyünə rəsmi veto qoyması barədə qərar açıqlanmayıb. Kürşat Zorlu mövcud hüquqi maneəyə diqqət çəkib, eyni zamanda Moskva ilə “TDT+” formatında əməkdaşlıq imkanlarını açıq saxlayıb.