ABŞ “döyüş ağcaqanadları” ideyasını araşdırıb

ABŞ ordusunun Soyuq müharibə dövründə ağcaqanadların hərbi məqsədlə istifadəsini araşdırdığına dair sənədlər yenidən gündəmə gəlib. Məlumatlar "Dugway Proving Ground" və “Bellwether” layihəsi ilə bağlıdır.

19

ABŞ ordusunun Soyuq müharibə dövründə ağcaqanadlardan hərbi məqsədlərlə istifadə imkanlarını araşdırdığına dair sənədlər yenidən müzakirə mövzusuna çevrilib.

MSNews.az-ın “MuckRock” platformasına istinadən məlumatına görə, ABŞ Ordusunun Yuta ştatında yerləşən “Dugway Proving Ground” sınaq poliqonu bioloji və kimyəvi müdafiə sahəsində bir sıra gizli və eksperimental layihələrlə bağlı arxiv sənədlərinə malik olub. Həmin materiallarda “Project Bellwether” adı ilə tanınan ağcaqanad sınaqlarına da istinad edilir.

“MuckRock”ın İnformasiya Azadlığı Aktı çərçivəsində əldə etdiyi sənədlərdə “Aedes aegypti” növünə aid ağcaqanadlarla bağlı “Bellwether-IV Bio 580” və “Bellwether-4, Phase D” adlı texniki hesabatların olduğu göstərilir. Bu hesabatlar 1962-ci ildə ABŞ Ordusunun “Dugway Proving Ground” qurumu tərəfindən hazırlanıb.

“FOX 13 News” isə “MuckRock”-un əldə etdiyi 1960-cı illərə aid sənədlərə əsasən yazır ki, “Operation Bellwether” ağcaqanadların silahlandırılmış formada istifadəsi ideyasını araşdıran entomoloji sınaqlardan biri olub. Materialda sınaqlar zamanı ağcaqanadlara real təhlükəli xəstəlik yox, inert — yəni zərərsizləşdirilmiş və ya simulyasiya xarakterli maddələr yükləndiyi qeyd edilir.

Sözügedən araşdırmaların bugünkü dövrlə deyil, Soyuq müharibə illəri ilə bağlı olduğu xüsusi vurğulanır. ABŞ-ın həmin dövrdə apardığı bioloji silah proqramları sonradan dayandırılıb. ABŞ Dövlət Departamentinin arxivində dərc edilən sənədə görə, Prezident Riçard Nikson 1969-cu il noyabrın 25-də ABŞ-ın öldürücü bioloji agentlərdən və bioloji müharibə metodlarından imtina etdiyini bəyan edib.

“Aedes aegypti” növü tibbi baxımdan xüsusilə təhlükəli hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, “Aedes” növləri denge, çikunqunya və Zika viruslarını daşıya, həmçinin şəhər mühitində sarı qızdırma virusunun yayılmasında rol oynaya bilər. Buna görə də bu ağcaqanadların hərbi tədqiqatlarda maraq doğurması təsadüfi sayılmır.

BMT-nin Silahsızlanma Məsələləri üzrə Ofisinin məlumatına görə, Bioloji Silahlar Konvensiyası bioloji və toksin silahların hazırlanmasını, istehsalını, əldə edilməsini, ötürülməsini və saxlanılmasını qadağan edir. Bu baxımdan “döyüş ağcaqanadları” ilə bağlı sənədlər daha çox ABŞ-ın keçmiş hərbi-bioloji tədqiqatlarının tarixi nümunəsi kimi qiymətləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti