İranın TRIPP layihəsinə hərbi müdaxiləsi gündəmdədir?

İran parlamentində TRIPP layihəsinə qarşı hərbi müdaxilə təkliflərinin müzakirə olunduğu iddia edilir. Tehran ABŞ-nin Ermənistan-İran sərhədində mümkün iştirakından narahatlığını bildirir.

16

İran parlamentində Azərbaycanı Naxçıvanla birləşdirməyi nəzərdə tutan TRIPP layihəsinə qarşı hərbi müdaxilə təkliflərinin müzakirəyə çıxarıldığı iddia olunur. Lakin belə bir təşəbbüsün parlamentin rəsmi gündəliyinə daxil edildiyi hələlik təsdiqlənməyib.

MSNews.az xəbər verir ki, Tehran son həftələr Ermənistan və ABŞ-nin birgə həyata keçirdiyi TRIPP layihəsi ilə bağlı narahatlığını dəfələrlə ifadə edib. İran rəsmiləri xüsusilə ölkənin şimal sərhədləri yaxınlığında xarici hərbi qüvvələrin mümkün iştirakına qarşı çıxırlar.

“NEWS.am” nəşrinin noyabrın 23-də yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın TRIPP layihəsinin icrasını diqqətlə izləyəcəyini və yalnız Ermənistanın verdiyi təminatlarla kifayətlənməyəcəyini açıqlayıb.

Bəqayi üçüncü ölkələrin hərbi və təhlükəsizlik qüvvələrinin regionda iştirakının sabitliyi poza və İranın qonşuları ilə münasibətlərinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Bundan əvvəl İran tərəfi layihənin Ermənistanın suverenliyinə, beynəlxalq sərhədlərə və regionun geosiyasi vəziyyətinə təsir göstərməməli olduğunu bildirmişdi.

“Euronews” nəşrinin məlumatına görə, Ermənistan İranı layihə çərçivəsində ABŞ hərbçilərinin yerləşdirilməyəcəyinə dair təminatlandırıb. Bununla belə, Tehran təhlükəsizlik məsələlərini nəzarətdə saxlamaqda israrlıdır.

Hazırda İran parlamentinin TRIPP layihəsinə qarşı hərbi əməliyyat planını təsdiqlədiyinə və ya belə bir qərarın müzakirəsinə rəsmən başladığına dair etibarlı məlumat yoxdur. Tehranın narahatlıqları ilə bağlı açıqlamalar hərbi müdaxilə qərarı kimi qiymətləndirilməməlidir.