Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağını və ratifikasiya ediləcəyini bəyan edib. O, konstitusiya referendumunun nəticəsindən asılı olaraq hakimiyyətdən gedəcəyini də açıqlayıb.
MSNews.az xəbər verir ki, Paşinyan noyabrın 23-də xalqa videomüraciətində yeni Konstitusiyanın Azərbaycanla uzunmüddətli və dönməz sülhün təmin olunmasına şərait yaradacağını bildirib.
“Bütün siyasi, insani və mənəvi nüfuzumu ortaya qoyaraq deyirəm ki, yeni Konstitusiya qəbul edildikdən sonra biz nəinki Azərbaycanla sülh müqaviləsini imzalayıb ratifikasiya edəcəyik, həm də institusional, uzunmüddətli və dönməz sülhə nail olacağıq”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.
Paşinyan Qarabağ münaqişəsinin Ermənistanın dövlətçiliyini itirmək təhlükəsi yaratdığını da etiraf edib. Onun sözlərinə görə, ölkə tarixində ilk dəfə həm müstəqil dövlətə, həm də davamlı sülhə sahib olmaq imkanı yaranıb.
Baş nazir yeni Konstitusiyaya qarşı çıxan müxalifəti sülh prosesinə mane olmaqda ittiham edib. O bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının referendum təyin etmək üçün parlamentdə altı əlavə səsə ehtiyacı var və müxalifət deputatlarını bu təşəbbüsü dəstəkləməyə çağırıb.
Paşinyan referendumun nəticəsindən asılı olmayaraq vəzifəsindən ayrılacağını vəd edib. O, Konstitusiya layihəsi rədd edilərsə, istefa verəcəyini, qəbul olunarsa, növbəti parlament seçkilərində Baş nazirliyə namizəd olmayacağını açıqlayıb.
“Reuters” agentliyinin məlumatına görə, Ermənistanın yeni Konstitusiya layihəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycanla sülh müqaviləsinin yekun imzalanması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan tərəfi daha əvvəl həmin bəyannamədə Qarabağa dair ərazi iddialarının əks olunduğunu bildirərək müvafiq istinadın Konstitusiyadan çıxarılmasını tələb edib. Yeni sənədin qüvvəyə minməsi isə referendumun keçirilməsindən və nəticələrindən asılıdır.