ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Rusiya ilə sülh danışıqlarında irəliləyiş əldə etmək məqsədilə Ukraynaya Donbasın inzibati sərhədlərinin dəyişdirilməsini təklif etdikləri iddia olunur. Britaniya mediası Kiyevin bu təşəbbüsü rədd etdiyini yazsa da, Ukrayna nümayəndə heyətinə yaxın başqa mənbə təklifin mövcudluğunu təkzib edib.
MSNews.az xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşri danışıqlara yaxın mənbələrə istinadən ABŞ nümayəndələrinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə yenidən baxılmasını təklif etdiyini bildirib.
Məlumata görə, təklif Rusiyanın Donbası tam nəzarətə götürdüyünü elan etməsinə, Ukraynanın isə hazırda nəzarət etdiyi şəhərləri özündə saxlamasına imkan verəcək kompromis variantı kimi nəzərdən keçirilib.
Nəşr yazır ki, sülh danışıqlarında əsas maneələrdən biri Rusiyanın Donetsk və Luqansk vilayətlərində hələ nəzarətə götürmədiyi təxminən 5 min kvadratkilometrlik ərazinin ona verilməsini tələb etməsidir.
“The Telegraph”a danışan Ukrayna nümayəndə heyətinə yaxın mənbə Kiyevin ərazi güzəştlərini qəbul etməyəcəyini vurğulayıb.
“Ukrayna bunu nə faktiki, nə də hüquqi baxımdan tanıyacaq. Bu, danışıqlardakı dəyişməz mövqeyimiz olub”, – deyə mənbə bildirib.
Lakin “Ukrainska Pravda” nəşri fərqli məlumat yayıb. Noyabrın 11-də danışıqlara yaxın başqa mənbə ABŞ tərəfindən belə bir təşəbbüsün irəli sürülmədiyini açıqlayıb.
“Belə bir təşəbbüs olmayıb, buna görə də ondan imtina edilməsi mümkün deyil. Bu məlumat həqiqətə uyğun deyil”, – deyə mənbə qeyd edib.
Ərazi məsələsində fikir ayrılıqları fonunda ABŞ nümayəndələri diqqəti müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinə yönəldiblər. Bu mexanizmlər mümkün atəşkəsdən sonra yeni hərbi qarşıdurmanın qarşısının alınmasına xidmət etməlidir.
Avropa rəsmiləri isə NATO-nun hərbi qüvvələrinin və silahlarının azaldılmasına yönəlmiş tələblərlə razılaşmayacaqlarını bildiriblər. Bununla yanaşı, gərginliyin azaldılması məqsədilə Moskva ilə diplomatik təmasların bərpası imkanları müzakirə olunur.
Qeyd edək ki, noyabrın 10–11-də Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə keçirilən Rusiya-Ukrayna danışıqlarında ərazi məsələsi üzrə razılıq əldə olunmayıb. Bununla belə, tərəflər hərbi əsirlərin mübadiləsi istiqamətində ilkin razılığa gəliblər.