İlham Əliyev və Paşinyan görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində görüşüblər. Liderlər sülh prosesini, TRIPP layihəsini, sərhədlərin delimitasiyasını və Azərbaycan üzərindən Ermənistana daşınan 105 min ton yükü müzakirə ediblər.

10

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində görüşüblər. Danışıqlarda sülh prosesinin inkişafı, TRIPP layihəsinin həyata keçirilməsi, nəqliyyat əlaqələri və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzuları olub.

MSNews.az xəbər verir ki, görüş “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

Liderlər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrini və həmin vaxt imzalanmış Birgə Bəyannaməni əsas götürərək Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə sərhədlərin delimitasiyası, qarşılıqlı etimadın gücləndirilməsi, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, eləcə də iqtisadi-ticari münasibətlərin genişləndirilməsi məsələləri müzakirə edilib.

Danışıqların əsas mövzularından biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) olub. Tərəflər layihənin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, layihələndirilməsi və marşrut üzrə gələcək tranzit imkanlarını nəzərdən keçiriblər.

Görüşdə diqqətçəkən məqamlardan biri Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərin həcmi ilə bağlı açıqlama olub.

Bildirilib ki, 2025-ci ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Liderlər bu tranzit daşımalarını müsbət inkişaf kimi qiymətləndiriblər.

Tərəflər həmçinin Azərbaycan və Ermənistanın elektrik enerjisi şəbəkələrinin gələcəkdə birləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ekoloji məsələlərə də toxunulub. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayaraq ortaq çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.

Liderlər sülh prosesində müsbət dinamikanın qorunmasının, regionda sabitlik və rifahın möhkəmləndirilməsi üçün dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.