Roma Papası XIV Leo noyabrın 8-də Argentinaya səfərə gəlib. Katolik Kilsəsinin rəhbərini Buenos-Ayresdəki Xorxe Nyuberi Beynəlxalq Hava Limanında Argentina Prezidenti Xavyer Milei şəxsən qarşılayıb.
MSNews.az xəbər verir ki, Papa XIV Leo Uruqvay səfərini başa vurduqdan sonra Argentinaya yola düşüb. Onun təyyarəsi yerli vaxtla saat 16:33-də Buenos-Ayresə enib.
Bu barədə “Vatican News” məlumat yayıb.
Prezident Xavyer Milei Papanı təyyarənin pilləkənləri qarşısında qarşılayıb. Rəsmi mərasim zamanı hərbi ehtiram göstərilib, Argentina və Vatikanın himnləri səsləndirilib. İki uşaq ali qonağa gül dəstəsi təqdim edib, daha sonra nümayəndə heyətləri bir-birinə təqdim olunub.
Qarşılanma mərasimindən sonra Papa XIV Leo və Prezident Milei arasında hava limanında qısa qapalı görüş keçirilib. Ardınca Roma Papası Buenos-Ayresdə general Xose de San-Martinin abidəsini ziyarət edib.
Daha sonra Papa Argentina Prezidentinin iqamətgahı olan “Casa Rosada” sarayına gedib. Burada dövlət başçısı ilə rəsmi görüş, hədiyyə mübadiləsi və təkbətək danışıqlar baş tutub. Papa həmçinin ölkənin siyasi rəhbərliyi, diplomatik korpus və vətəndaş cəmiyyəti nümayəndələri qarşısında çıxış edib.
XIV Leonun Argentinaya səfəri noyabrın 11-dək davam edəcək. Proqrama Buenos-Ayres, Kordova və Luxan şəhərlərində dini mərasimlər, görüşlər və ibadətlər daxildir.
Qeyd edək ki, bu səfər 6–17 noyabr tarixlərini əhatə edən Cənubi Amerika turnesinin ikinci mərhələsidir. Roma Papası Uruqvay və Argentinadan sonra Peruya səfər edəcək.