Türkiyənin Afyonkarahisar vilayətində müxtəlif ünvanlarda baş verən silahlı hücumlar nəticəsində 8 nəfər həyatını itirib, 1 nəfər ağır yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.
MSNews.az xəbər verir ki, hadisə noyabrın 5-də vilayətin İhsaniye rayonunda baş verib. Afyonkarahisar Valiliyinin açıqlamasına əsasən, ölənlərin sayı ilkin məlumatlarda göstərilən 7 nəfərdən 8 nəfərə yüksəlib.
“Anadolu Agentliyi” bildirir ki, Ayazini və Kıyır kəndləri yaxınlığında 6 nəfər güllələnərək öldürülüb. Yukarıtandır kəndində yaralanan iki qadın isə xəstəxanada həyatını itirib.
“Demirören Haber Ajansı” agentliyinin məlumatına görə, hücumda pompalı tüfəngdən istifadə olunub. Şübhəli şəxsin avtomobil oğurlayaraq Eskişehir istiqamətində qaçdığı ehtimal edilir.
Afyonkarahisar Baş Prokurorluğunun koordinasiyası ilə cinayət işi üzrə istintaq davam edir. Hücumun səbəbi hələ açıqlanmayıb.