Dünyanın 92 ölkəsində 53 mindən çox insanın iştirakı ilə aparılan beynəlxalq araşdırma psixi sağlamlıq və psixoloji rifah göstəricilərinin ciddi narahatlıq doğurduğunu üzə çıxarıb. Tədqiqatın nəticələrinə görə, vəziyyət xüsusilə gənclər arasında əlverişsizdir və bu tendensiya dünyanın ən zəngin ölkələrində də müşahidə olunur.
MSNews.az xəbər verir ki, araşdırma ABŞ-nin Kolumbiya Universitetinin Meylman adına İctimai Səhiyyə Məktəbinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılıb. Nəticələr oktyabrın 30-da “Social Indicators Research” elmi jurnalında dərc edilib.
Araşdırmada 92 ölkədən 53 799 nəfərin cavabları təhlil olunub. İştirakçıların psixoloji vəziyyəti, sosial münasibətləri, maddi rifahı və həyatdan məmnunluğu müxtəlif göstəricilər əsasında qiymətləndirilib.
Tədqiqatçılar müəyyən ediblər ki, gənc yetkinlər həyat enerjisi, emosional sabitlik və psixoloji dözümlülük baxımından digər yaş qruplarından daha aşağı nəticələr göstərirlər.
Xüsusilə 18–25 yaşlı iştirakçılar arasında depressiya və təşviş əlamətlərinin yayılması diqqət çəkib.
“Infobae” nəşrinin araşdırmaya istinadən yaydığı məlumata görə, 18–25 yaşlı respondentlərin 28,6 faizində orta və ya ağır dərəcəli depressiya və təşviş əlamətləri qeydə alınıb.
Bunun əksinə olaraq, yaşlı iştirakçılar arasında psixoloji rifah göstəriciləri nisbətən yüksək olub. Ümumilikdə isə müxtəlif yaş qruplarında sosial münasibətlər, həyatın mənalı olması hissi və şəxsi bacarıqlara inam daha müsbət qiymətləndirilib.
Araşdırmanın rəhbəri, Kolumbiya Universitetinin professoru Kay Ruceri bildirib ki, nəticələr dövlətlər üçün ciddi xəbərdarlıqdır.
Alimin sözlərinə görə, problem yalnız gənclərin psixi sağlamlığının gələcəkdə pisləşməsi riski ilə məhdudlaşmır. İnsanlar artıq indi psixoloji çətinliklər yaşayır və problemlərin öhdəsindən gəlmək qabiliyyətlərinin zəiflədiyini hiss edirlər.
Tədqiqatda gəlir səviyyəsi, təhsil və məşğulluqla psixoloji rifah arasında da əlaqə müəyyənləşdirilib. Daha yüksək gəliri və təhsili olan şəxslər, eləcə də işləyən respondentlər ümumilikdə daha yaxşı nəticələr göstəriblər.
Bununla belə, ölkənin iqtisadi cəhətdən zəngin olması əhalinin yüksək psixoloji rifaha malik olmasına avtomatik zəmanət vermir. İnkişaf etmiş ölkələrdə də narahatedici göstəricilər qeydə alınıb.
Tədqiqatçılar nəticələri ehtiyatla şərh etməyə çağırıblar. Sorğu əsasən internet üzərindən və könüllü iştirak əsasında aparıldığından, onun nəticələri hər ölkənin bütün əhalisini tam təmsil etməyə bilər. Bundan əlavə, araşdırma psixi sağlamlığın zamanla pisləşdiyini və ya bunun konkret səbəblərini qəti şəkildə sübut etmir.
Alimlər hesab edirlər ki, psixi sağlamlıq siyasəti yalnız xəstəliklərin müalicəsinə deyil, insanların emosional dayanıqlığının, sosial münasibətlərinin və ümumi həyat keyfiyyətinin yaxşılaşdırılmasına da yönəlməlidir.