Azərbaycanda 88 418 hektar ərazini əhatə edən Qarabağ Milli Parkı yaradılır. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, yeni milli park Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının dövlət mülkiyyətində olan torpaq sahələrində təşkil ediləcək.
MSNews.az xəbər verir ki, müvafiq sərəncam Qarabağda xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, biomüxtəlifliyin bərpası və ekoturizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb.
Sənədə əsasən, Qarabağ Milli Parkının ümumi sahəsi 88 418 hektar olacaq. Milli Parkın yaradılması üçün beş rayonun ərazisindən aşağıdakı torpaq sahələri ayrılacaq:
- Ağdərə rayonu – 44 773,79 hektar;
- Xocalı rayonu – 24 597,80 hektar;
- Kəlbəcər rayonu – 13 514,98 hektar;
- Şuşa rayonu – 5 314,34 hektar;
- Laçın rayonu – 217,09 hektar.
Sərəncama əsasən, həmin torpaqlar xüsusi mühafizə olunan təbiət əraziləri kateqoriyasına aid ediləcək.
Yeni Milli Parkın sərhədləri Prezidentin sərəncamına əlavə edilmiş yerquruluşu planı ilə müəyyənləşdirilib.
Qarabağ Milli Parkının yaradılmasında əsas məqsədlərdən biri uzun müddət işğal altında qalmış ərazilərdə təbii ekosistemlərin bərpası və qorunmasıdır. Bununla yanaşı, regionun zəngin flora və faunasının mühafizəsi, təbiət komplekslərinin qorunub saxlanılması və biomüxtəlifliyin artırılması da əsas prioritetlər sırasındadır.
Milli Parkın yaradılması Qarabağın nadir təbiətinin və ekoloji irsinin beynəlxalq səviyyədə tanıdılmasına imkan yaradacaq.
Layihənin digər mühüm istiqaməti Qarabağda ekoturizmin inkişaf etdirilməsi və yeni sosial-iqtisadi imkanların formalaşdırılmasıdır.
Təbii resurslardan dayanıqlı istifadə, ekoloji turizm marşrutlarının inkişafı və yerli əhalinin iqtisadi imkanlarının genişləndirilməsi nəzərdə tutulan hədəflər arasındadır. Qarabağ Milli Parkının yaradılması işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası və təbii sərvətlərin gələcək nəsillər üçün qorunması istiqamətində yeni mərhələ olacaq.