İlham Əliyev Kaya Kallası qəbul etdi

Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə enerji, ticarət, təhlükəsizlik, sülh prosesi və regional bağlantılar müzakirə olunub.

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. 

Söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla əvvəlki görüşləri məmnunluqla xatırlanıb, onun 2025-ci ildə Azərbaycana səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edilib. Kaya Kallas Prezident İlham Əliyevə Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanın salamlarını çatdırıb. Dövlət başçısı salamlarına görə təşəkkürünü bildirib və öz salamlarının da Antoniu Koştaya çatdırılmasını xahiş edib.

Görüşdə Antoniu Koştanın Azərbaycana səfəri zamanı qəbul edilmiş birgə bəyanatın əhəmiyyəti də vurğulanıb. Həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin strateji xarakter daşıdığı qeyd olunub. Kaya Kallas Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlət başçısı Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, Azərbaycanın isə enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı üçün hər zaman etibarlı tərəfdaş kimi çıxış etdiyini vurğulayıb. Bu kontekstdə Azərbaycan qazının bu yaxınlarda daha iki Aİ üzvü olan Almaniya və Avstriyaya nəqlinə başlanıldığı bildirilib.

Danışıqlarda Azərbaycan və Ermənistan arasında sülh prosesi də müzakirə olunub. Azərbaycanın sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan və Ermənistan arasında artıq ticarət-iqtisadi əlaqələr qurulub, həmçinin Azərbaycan birtərəfli qaydada Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyətləri aradan qaldırıb. Prezident İlham Əliyevin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı tarixi hadisə kimi qiymətləndirilib.

Görüşdə rəqəmsal transformasiya, süni intellekt, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinin də gündəmdə olduğu bildirilib. Avropa İttifaqının Azərbaycanın minatəmizləmə sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə olunub. Tərəflər həmçinin TRIPP layihəsinin regional bağlantılar baxımından yeni imkanlar yaradacağını qeyd ediblər.

Görüşdə Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının gələcək istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.