Ukrayna Krım və Tümendəki obyektlərə zərbələri təsdiqlədi

Ukrayna Baş Qərargahı işğal altındakı Krımda “Çernomornefteqaz” obyektinin, PUA retranslyatorunun və Rusiyanın Tümen neft emalı zavodunun vurulduğunu açıqlayıb. Tavriya İES-ə zərbə barədə məlumat isə hələlik rəsmi təsdiqlənməyib.

14

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğal altındakı Krımda və Rusiyanın Tümen vilayətində hərbi və enerji infrastrukturu obyektlərinə zərbələr endirildiyini təsdiqləyib.

MSNews.az xəbər verir ki, Baş Qərargahın məlumatına əsasən, iyulun 26-na keçən gecə Krımın Vnukovo yaşayış məntəqəsi yaxınlığında yerləşən “Çernomornefteqaz” obyektinə zərbə endirilib. Ukrayna tərəfi hədəfin vurulduğunu bildirir.

Bu barədə “LB.ua” Ukrayna Baş Qərargahına istinadən məlumat yayıb.

Baş Qərargahın açıqlamasında bildirilir ki, Rusiya Krımı ilhaq etdikdən sonra ələ keçirdiyi “Çernomornefteqaz” obyektlərindən təbii qaz və neft məhsullarının hasilatı, saxlanılması və daşınması, eləcə də yarımadadakı hərbi qüvvələrin yanacaq-enerji ehtiyaclarının təmin olunması üçün istifadə edir.

Ukrayna qüvvələri, həmçinin Krımın Çernomorskoye rayonu yaxınlığında “Geran” və “Gerbera” tipli zərbə PUA-larının idarə edilməsi üçün istifadə olunan yerüstü retranslyatoru vurduqlarını açıqlayıblar. Bildirilir ki, bu sistem dronlarla rabitənin dayanıqlığını, idarəetmə keyfiyyətini və onların fəaliyyət məsafəsini artırır.

Baş Qərargah bir gün əvvəl Rusiyanın Tümen şəhərindəki neft emalı zavodunun da vurulduğunu təsdiqləyib. Ukrayna tərəfinin məlumatına görə, Qərbi Sibirin əsas neft emalı müəssisələrindən biri olan zavod ildə təxminən 7 milyon ton neft emal etmək gücünə malikdir və istehsal etdiyi yanacaq məhsullarından Rusiya ordusunun ehtiyacları üçün də istifadə olunur.

Rusiya tərəfi Tümen zavodunda PUA hücumundan sonra yanğın baş verdiyini təsdiqləyib. Tümen vilayətinin qubernatoru Aleksandr Moor pilotsuz uçuş aparatının müəssisənin ərazisinə düşdüyünü və yanğın yaratdığını bildirib. Sonradan alovun söndürüldüyü açıqlanıb. “Reuters” zavodun Ukrayna ərazisindən 2 min kilometrdən çox məsafədə yerləşdiyini qeyd edir.

Ukrayna Baş Qərargahı Donetsk vilayətinin Vıselki rayonu yaxınlığında hərbi logistika üçün istifadə olunduğu bildirilən avtomobil körpüsünün, Luqansk vilayətində isə PUA anbarının və Rusiya hərbçilərinin cəmləşdiyi ərazinin də hədəfə alındığını açıqlayıb. Zərbələrin nəticələrinin dəqiqləşdirildiyi bildirilir.

Bununla yanaşı, yerli monitorinq kanalları Simferopol yaxınlığındakı 470 meqavat gücündə Tavriya İstilik Elektrik Stansiyasının PUA hücumuna məruz qala biləcəyi, stansiya və yaxınlıqdakı qaz infrastrukturu ərazisində yanğın baş verdiyi barədə məlumatlar yayıblar. “UNN” Yalta və Feodosiyada da partlayış səsləri eşidildiyini yazıb. Lakin Tavriya İES-in vurulması barədə məlumat Ukrayna Baş Qərargahının son açıqlamasında yer almayıb və müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Tavriya İES Rusiyanın Krımı ilhaq etməsindən sonra tikilib və 2019-cu ildə tam gücü ilə istismara verilib. Obyekt daha əvvəl də PUA hücumlarının ehtimal edilən hədəfi olub.

Rusiya Ukraynanın enerji və sənaye obyektlərinə hücumlarını davam etdirdiyi bir vaxtda Kiyev də Rusiyanın neft emalı, hərbi logistika və işğal altındakı ərazilərdə yerləşən infrastruktura uzaqmənzilli PUA zərbələrini genişləndirib. Tərəflərin açıqladığı zərər və itkilərin bir hissəsini müstəqil şəkildə yoxlamaq mümkün deyil.