İlham Əliyev Şuşada Slovakiya Prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüş keçirib. Tərəflər siyasi, iqtisadi, enerji və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

14

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb. Görüşdən əvvəl Slovakiya dövlət başçısının rəsmi qarşılanma mərasimi və prezidentlərin təkbətək görüşü olub.

Prezident İlham Əliyev çıxışında Slovakiya Prezidentini Azərbaycanda və Qarabağda salamlamaqdan məmnunluğunu bildirib. Dövlət başçısı əvvəlki təkbətək görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldığını, müzakirələrin nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildiyini qeyd edib.

İlham Əliyev böyük nümayəndə heyətlərinin görüşdə iştirakının ikitərəfli gündəliyin genişliyini göstərdiyini vurğulayıb. Prezident səfərin Azərbaycan–Slovakiya tərəfdaşlığına əlavə təkan verəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “ağıllı kənd” layihəsini əməkdaşlığın uğurlu nümunələrindən biri adlandırıb. O, Qarabağdakı yenidənqurma işlərinin Azərbaycan hökumətinin əsas prioritetlərindən olduğunu və slovak mütəxəssislərin bu prosesdə iştirakının mühüm əhəmiyyət daşıdığını bildirib.

Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada qəbul edilməsini yüksək qiymətləndirib. O, azad edilmiş ərazilərdə qısa müddətdə görülən infrastruktur və bərpa işlərinin nümayəndə heyətində böyük təəssürat yaratdığını deyib.

Pelleqrini Slovakiya şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakından məmnunluğunu ifadə edərək, onların gələcəkdə digər layihələrə də cəlb olunacağına ümid etdiyini bildirib.

Görüşdə iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlər nəzərdən keçirilib. Prezident İlham Əliyev 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin konkret layihələr vasitəsilə icra olunduğunu qeyd edib.

Peter Pelleqrini Azərbaycanın enerji böhranı dövründə Slovakiyaya qaz tədarükünə hazır olduğunu bildirməsini yüksək qiymətləndirib. O, tərəflərin 2027-ci ildən sonrakı dövr üçün sabit və uzunmüddətli enerji təchizatı modelinə dair danışıqları davam etdirəcəyini açıqlayıb.

Slovakiya Prezidenti, həmçinin, oktyabr ayından Azərbaycanla Slovakiya arasında birbaşa hava əlaqəsinin başlanacağını və Bakıda növbəti Azərbaycan–Slovakiya biznes forumunun keçiriləcəyini bildirib. Onun sözlərinə görə, tərəflər birgə istehsal, texnologiyaların ötürülməsi və qarşılıqlı faydalı layihələrin genişləndirilməsində maraqlıdırlar.

Geniş tərkibdə görüşdən sonra dövlət başçıları qarşılıqlı hədiyyələr təqdim ediblər. Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031