“Trump Mobile T1 Phone” satışa çıxarılıb

Donald Tramp brendi ilə təqdim olunan "Trump Mobile T1 Phone" aylarla gecikmədən sonra müştərilərə göndərilməyə başlayıb. 499 dollarlıq qızılı Android smartfonu Snapdragon prosessor, AMOLED ekran və üçlü kamera sistemi ilə təqdim olunur.

ABŞ Prezidenti Donald Trampın adı ilə əlaqələndirilən “Trump Mobile” şirkəti uzun müddət gecikən “T1 Phone” smartfonlarının müştərilərə göndərilməsinə başladığını açıqlayıb.

“Reuters”-in məlumatına görə, qızılı rəngli Android smartfonu 499 dollar qiymətində təqdim olunur və cihazın ilkin çatdırılmaları bu həftə başlayıb.

“Trump Mobile T1 Phone” 2025-ci ilin iyununda elan edilmiş, ilkin olaraq isə həmin ilin avqustunda satışa çıxarılacağı bildirilmişdi. Lakin cihazın təqdimatı bir neçə dəfə təxirə salınıb. Şirkətin baş direktoru Pet O’Brayan bildirib ki, əvvəlcədən sifariş edilən telefonlar müştərilərə çatdırılmağa başlayıb və qalan sifarişlərin yaxın həftələrdə tamamlanması gözlənilir.

Cihazın rəsmi səhifəsində T1 Phone-un 6,78 düymlük AMOLED ekran, 120 Hz yenilənmə tezliyi, Snapdragon mobil platforması, 5000 mAh batareya, 30W sürətli enerji doldurma, barmaq izi sensoru və “AI Face Unlock” funksiyası ilə təchiz edildiyi qeyd olunur. Kamera sisteminə 50 MP əsas kamera, 8 MP genişbucaqlı kamera, 50 MP 2x telefoto kamera və 50 MP ön kamera daxildir.

Smartfonun istehsal mənşəyi ilə bağlı müzakirələr də davam edir. “Trump Mobile” əvvəlcə “T1 Phone”-u ABŞ-da “dizayn edilmiş və istehsal edilmiş” cihaz kimi təqdim edirdi. Daha sonra şirkət bu ifadələri dəyişərək daha ehtiyatlı “Amerika ruhlu dizayn” və “ABŞ-da yığılmış” kimi formulalardan istifadə etməyə başlayıb. Pet O’Brayan “Reuters”-ə bildirib ki, ilk T1 cihazları ABŞ-da yığılır və şirkət gələcəkdə daha çox komponenti ölkə daxilində istehsal etməyi hədəfləyir.

Texnologiya və təchizat zənciri ekspertləri isə cihazın tam ABŞ istehsalı olması iddialarına şübhə ilə yanaşırlar. “Supply Chain Digital” yazır ki, smartfonların böyük hissəsi Asiyada istehsal olunur və analitiklər “T1 Phone”-un mövcud Çin istehsalı modellərdən birinin rebrendinq edilmiş versiyası ola biləcəyini istisna etmirlər. “Notebookcheck” isə cihazın dizayn və texniki göstəricilər baxımından 2024-cü il istehsalı HTC U24 Pro” modelinə bənzədiyini yazıb.

“The Verge”-in məlumatına görə, T1 Phone artıq FCC və PTCRB sertifikatlarından keçib, həmçinin “Google Play” üçün təsdiqlənmiş cihazlar siyahısına əlavə olunub. Bu, Android smartfonun bazara çıxışı üçün son texniki mərhələlərdən biri hesab olunur.

“Trump Mobile” layihəsi siyasi və etik müzakirələrə də səbəb olub. “Reuters” yazır ki, layihə Tramp adı ilə fəaliyyət göstərdiyi və ABŞ prezidenti hələ vəzifədə olduğu üçün etik ekspertlər və bəzi qanunvericilər potensial maraqlar toqquşması barədə suallar qaldırıblar. Ağ Ev isə Trampın aktivlərinin övladları tərəfindən idarə olunan etibarlı idarəetmədə olduğunu və maraqlar toqquşması olmadığını bildirib.