ABŞ ədliyyə nazirinin müavini Todd Blanş bildirib ki, milyarder Ceffri Epşteyn işi ilə bağlı 3 milyondan çox yeni sənəd, 2 minə yaxın video və təxminən 180 min vizual material ictimaiyyətin istifadəsinə verilib.
Blanş mətbuat konfransında qeyd edib ki, son açıqlamalarla birlikdə qanunvericiliyə uyğun olaraq ümumilikdə 3,5 milyon sənəd artıq ictimaiyyətə açılıb. Onun sözlərinə görə, bu qərar ABŞ Prezidenti Donald Trampın Ədliyyə Nazirliyinə verdiyi “tam şəffaflıq” göstərişi əsasında həyata keçirilib.
Todd Blanş bildirib ki, bu genişmiqyaslı işin tamamlanması üçün 500-dən çox hüquqşünas və mütəxəssis gecə-gündüz çalışıb:
“Biz qanuna əməl etdik. Heç kimi — nə Prezident Trampı, nə də başqa bir şəxsi — qorumağa çalışmadıq. Epşteyn işi ilə bağlı gizlədilən hər hansı ‘super məxfi’ sənəd yoxdur.”
Nazirlik rəsmisi Ədliyyə Nazirliyinin “uşaqlara qarşı cinsi istismar hallarına ciddi yanaşmadığı” iddialarını qəti şəkildə rədd edərək bildirib ki, Epşteynin qurbanları ölçüyəgəlməz əzablar yaşayıblar. O vurğulayıb ki, yayımlanan foto və videolarda şəxsi məlumatların və kimliklərin qorunması üçün geniş senzura tətbiq olunub.
Yetkinlik yaşına çatmayan, ən kiçiyi 14 yaşında olmaqla onlarla qız uşağına cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunan Ceffri Epşteyn, 10 avqust 2019-cu ildə saxlanıldığı Nyu Yorkdakı Manhaetten Metropolitan Həbsxanasında ölü tapılmışdı.
Açıqlanan məhkəmə sənədlərində Vəliəhd Endryu, Donald Tramp, Bill Klinton, Ehud Barak, Albert Qor, Kevin Speysi, Maykl Cekson, David Kopperfild, Alan Derşovitz və Bill Riçardson kimi tanınmış adların keçdiyi qeyd olunmuşdu.
Bununla yanaşı, FTB və Ədliyyə Nazirliyi birgə araşdırma nəticəsində “müştəri siyahısı”nın mövcudluğuna dair sübut tapılmadığını, Epşteynin isə sui-qəsd nəticəsində deyil, həbsxanadakı kamerasında intihar etdiyi qənaətinə gəlindiyini açıqlamışdı.