Tramp ABŞ heyətinin Pakistan səfərini ləğv etdi

Donald Tramp İranla danışıqlar üçün Pakistana getməyə hazırlaşan ABŞ heyətinin səfərini ləğv edib. Tramp bildirib ki, Tehran danışmaq istəyirsə, Vaşinqtonla əlaqə saxlamalıdır.

9

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar üçün Pakistana getməyə hazırlaşan Amerika heyətinin səfərini son anda ləğv edib. Səfərdə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin iştirak edəcəyi bildirilirdi. Onların İslamabadda İranla bağlı diplomatik təmaslarda iştirak etməsi planlaşdırılırdı. 

Tramp “Fox News”a açıqlamasında heyətin Pakistana göndərilməsini məqsədəuyğun saymadığını bildirib. Onun sözlərinə görə, ABŞ nümayəndələrinin “boş söhbətlər” üçün 18 saatlıq uçuş etməsinə ehtiyac yoxdur və İran tərəfi danışmaq istəyirsə, Vaşinqtonla əlaqə saxlaya bilər.

Qərar İranın xarici işlər naziri Abbas Araqçinin Pakistandan ayrılmasından sonra verilib. İran tərəfi daha əvvəl ABŞ nümayəndələri ilə Pakistanda birbaşa görüş planının olmadığını, yalnız Pakistan vasitəsilə dolayı mesajların ötürülə biləcəyini bildirmişdi.

Tramp “Axios”a açıqlamasında səfərin ləğvinin müharibənin yenidən başlayacağı anlamına gəlmədiyini deyib. ABŞ Prezidenti bildirib ki, Vaşinqton hələlik belə bir qərarı nəzərdən keçirməyib. Bununla yanaşı, o, İranın ABŞ-a “çox şey təklif etdiyini”, lakin bunun kifayət etmədiyini iddia edib.

İran xarici işlər naziri Abbas Araqçi isə Trampın qərarından sonra bildirib ki, Tehran Pakistanda İranla müharibənin daimi şəkildə dayandırılması üçün mövqeyini təqdim edib. Onun sözlərinə görə, ABŞ-ın diplomatiyaya nə dərəcədə ciddi yanaşdığı hələ aydın deyil.