Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev vilayətində yerləşən Coca-Cola istehsal müəssisəsinə dronla zərbə endirdiyini bildirib və hadisəni “ABŞ-a açıq Rusiya siqnalı” kimi qiymətləndirib.
MSNews.az xəbər verir ki, Zelenski bu barədə sentyabrın 3-də yayımlanan axşam videomüraciətində danışıb.
“Görünür, “Coca-Cola” artıq onlar üçün elə bir düşmənə çevrilib ki, onu “Şahed”lərlə yandırırlar. Bu, Amerikaya açıq Rusiya siqnalıdır. Ruslar bunun Amerika şirkəti olduğunu bilməyə bilməzlər”, – Ukrayna lideri bildirib.
Ukrayna Prezidentinin Ofisinin rəsmi açıqlamasında qeyd olunur ki, zərbə Rusiyanın Ukraynanın mülki həyatına və iqtisadiyyatına təzyiq göstərmək üçün həyata keçirdiyi dron hücumları fonunda baş verib.
“Reuters” yazır ki, zərbə Kiyev yaxınlığında, Brovarı rayonundakı “Coca-Cola” müəssisəsinə endirilib. Hadisə nəticəsində obyektə ziyan dəyib, lakin müəssisənin əməkdaşları arasında xəsarət alan olmayıb.
“Coca-Cola” “Beverages Ukraine” da istehsal sahəsinin 3 sentyabrda dron hücumu nəticəsində zədələndiyini təsdiqləyib. Şirkət hazırda müvafiq qurumlarla birlikdə dəymiş ziyanın miqyasını qiymətləndirir.
Müəssisə Kiyev vilayətinin Velika Dımerka yaşayış məntəqəsində yerləşir və “Coca-Cola” sisteminin Ukraynadakı əsas istehsal mərkəzlərindən biridir. Şirkətin rəsmi məlumatına görə, zavodda 11 istehsal xətti fəaliyyət göstərir.