Yens Şpan surroqat analıq mübahisəsindən sonra istefa verdi

Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı blokunun (CDU/CSU) parlament fraksiyasının rəhbəri Yens Şpan ABŞ-da surroqat ana vasitəsilə ata olmasının yaratdığı siyasi mübahisələrdən sonra vəzifəsindən istefa verib.

18

Almaniya Bundestaqının ən böyük parlament qrupu olan Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı blokunun — CDU/CSU-nun fraksiya rəhbəri Yens Şpan vəzifəsindən istefa verib.

MSNews.az xəbər verir ki, istefa Şpan və “həyat yoldaşı” Daniel Funkenin ABŞ-da surroqat ananın köməyi ilə övlad sahibi olduqlarını açıqlamasından sonra partiya daxilində yaranan geniş müzakirələr fonunda baş verib.

Reuters”in gördüyü istefa məktubunda Şpan ailə qurması, həyat yoldaşı ilə ata olması və bunun yaratdığı şəxsi xoşbəxtliyin hazırkı siyasi vəzifəsi ilə uzlaşmadığı qənaətinə gəldiyini bildirib.

Müzakirələrin əsas səbəbi Şpanın eynicinsli nikahda olması deyil, surroqat analıqla bağlı şəxsi qərarının təmsil etdiyi partiyanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil etməsidir.

Almaniyada surroqat analıq qadağandır. Bununla belə, başqa ölkədə surroqat ana vasitəsilə doğulmuş uşağı Almaniyada böyütmək qanun pozuntusu sayılmır. XDİ da fevralda keçirilən qurultayında Almaniyada mövcud qadağanın saxlanılmasına tərəfdar olduğunu bir daha təsdiqləyib.

Şpan əvvəllər özü də surroqat analığın qanuniləşdirilməsinə qarşı çıxıb. Buna görə ailənin ABŞ-da bu üsuldan istifadə etməsi partiya daxilində “ikili standart” və siyasi etibarlılıq məsələlərini gündəmə gətirib. Bir sıra XDİ siyasətçiləri onun fraksiya rəhbərliyindən ayrılmasını tələb ediblər.

Yayılan bəzi məlumatlarda Şpanın “həyat yoldaşı” ilə birlikdə surroqat ana vasitəsilə övlad sahibi olmağa “qərar verdiyi” bildirilir. Əslində isə cütlük oğullarının artıq doğulduğunu açıqlayıb.

Almaniyanın “Tagesschau” nəşri uşağın ABŞ-da surroqat ana tərəfindən dünyaya gətirildiyini və Şpanla Funkenin bu xəbəri sosial şəbəkə və mətbuat vasitəsilə paylaşdıqlarını yazıb.

46 yaşlı siyasətçi CDU/CSU fraksiyasının rəhbərliyindən istefa versə də, Bundestaqdakı deputat mandatını saxlayır və XDİ üzvü olaraq qalır.

CDU/CSU 208 deputatla Bundestaqın ən böyük fraksiyasıdır. Şpan 2025-ci ilin mayından parlament qrupuna rəhbərlik edirdi və 2026-cı ilin mayında bu vəzifəyə yenidən seçilmişdi.

Şpanın istefasından sonra fraksiyanın birinci müavini, XSİ siyasətçisi Aleksander Hoffmann müvəqqəti olaraq parlament qrupunun rəhbərliyini üzərinə götürüb. Hoffmann yeni sədr seçilənədək fraksiyaya rəhbərlik edəcəyini bildirib.

Almaniya kansleri və XDİ sədri Fridrix Mertsin XSİ rəhbərliyi ilə birlikdə yeni fraksiya sədri üçün namizəd təqdim etməsi gözlənilir. Almaniya mediasının məlumatına görə, rəhbərlik məsələsinin iyulun sonunadək həll edilməsi planlaşdırılır.