Ukraynanın baş prokuroru Ruslan Kravçenko istefa ərizəsi təqdim etdiyini açıqlayıb. O, qərarını siyasi adlandıraraq baş prokuror vəzifəsinin siyasi qarşıdurma vasitəsinə çevrilməsini istəmədiyini bildirib.
MSNews.az xəbər verir ki, Kravçenko sentyabrın 7-də yaydığı açıqlamada qərarı şüurlu şəkildə qəbul etdiyini deyib.
“Bu, siyasi qərardır və mən onu şüurlu şəkildə qəbul etdim. Baş prokuror vəzifəsinin siyasi qarşıdurma aləti kimi istifadə olunmasını istəmirəm”, – Kravçenko bildirib.
Onun açıqlamasını “Ukrainska Pravda” və “Reuters” yayıb.
İstefa Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAPO) Baş Prokurorluğun bəzi əməkdaşları ilə bağlı apardığı geniş araşdırma fonunda verilib. İstintaq saxta zəng mərkəzlərinə qanunsuz himayədarlıq göstərilməsi, rüşvət alınması və cinayət gəlirlərinin leqallaşdırılması ilə bağlı iddiaları əhatə edir.
Araşdırma çərçivəsində Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq Departamentinin rəhbər müavini Serhiy Kropıva saxlanılıb. Bununla belə, Kravçenkonun özünə qarşı ittiham irəli sürülməyib və o, şübhəli şəxs statusunda deyil. Baş prokuror istintaqda səslənən iddialarla bağlı mövqeyinin dəyişmədiyini və hər hansı qanunsuz sxemdə iştirakını rədd etdiyini bildirib.
Maraqlıdır ki, Kravçenko həmin gün daha əvvəl jurnalistlərə könüllü istefa verməyi planlaşdırmadığını söyləmişdi. Daha sonra Prezident Volodimir Zelenski ilə görüşündən sonra istefa ərizəsini təqdim edib.
Kravçenko 2025-ci il iyunun 17-dən Ukraynanın baş prokuroru vəzifəsini tuturdu. “Interfax-Ukraine” onun istefa ərizəsində Prezident Zelenski və Ali Radaya göstərilən etimada görə təşəkkür etdiyini və ərizəsinin qəbul olunmasını istədiyini bildirir.