Nyu York meri Mamdani andını Osmanlı dövrünə aid Qurani-Kərim üzərinə içdiyini açıqladı

28

Nyu Yorkun ilk müsəlman meri Zohran Mamdani vəzifəyə başlama andını üzərinə əl basdığı Qurani-Kərimin Osmanlı dövrünə aid, Suriya mənşəli əlyazma nüsxə olduğunu bildirib.

Mamdani “X” sosial media platformasındakı paylaşımında ötən həftə and içərək vəzifəsinə başladığı Qurani-Kərimlə bağlı detalları açıqlayıb. O, köhnə “City Hall” metro stansiyasında keçirilən andiçmə mərasimində istifadə olunan Qurani-Kərimin Arturo Şomburqa məxsus, XVIII əsrə aid bir nüsxə olduğunu, Osmanlı dövrü Suriyasından qalan əlyazma əsər sayıldığını qeyd edib. Mamdani əsərin qara mürəkkəblə yazıldığını, mətndə bəzi hissələrin isə qırmızı rənglə vurğulandığını bildirib. Bu Qurani-Kərimi Nyu Yorkun yeni dövrünün bir simvolu kimi dəyərləndirən mer, onun bütün nyu yorklulara məxsus olduğunu vurğulayıb və əsərin Nyu York Xalq Kitabxanasının əsas binasında nümayiş etdiriləcəyini, bu gündən etibarən ziyarətçilərə açıldığını açıqlayıb.

Uqanda doğumlu, 34 yaşlı Zohran Mamdani 4 noyabrda keçirilən seçkilərin rəsmi olmayan nəticələrinə əsasən ABŞ-ın ən böyük şəhərinin son yüz ildə seçilmiş ən gənc meri və ilk müsəlman meri olub. “CBS News”-un məlumatına görə, seçkilərdə 2 milyondan çox seçici səs verib və bu göstərici 1969-cu ildən bəri qeydə alınan ən yüksək iştirak səviyyəsi kimi qiymətləndirilib. Mamdani yanvarın 1-də minlərlə Nyu York sakininin qatıldığı açıq hava mərasimində Qurani-Kərim üzərinə and içərək rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

 Nyu Yorkun ilk müsəlman meri Zohran Mamdani vəzifəyə başlama andını Osmanlı dövrünə aid, Suriya mənşəli əlyazma Qurani-Kərim üzərinə içdiyini açıqlayıb və tarixi nüsxənin Nyu York Xalq Kitabxanasında sərgilənəcəyini bildirib.