Zelenski Trampa cavab verdi: “Prezidentimizi xalqımız seçəcək!”

Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın ölkəyə yeni lider lazım olması barədə bəyanatına cavab verib. O, prezident seçiminin yalnız Ukrayna xalqına məxsus olduğunu vurğulayıb və 60 günlük atəşkəs təklif edib.

51

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın ölkəyə yeni prezident lazım olması barədə bəyanatına cavab verib. O, Ukraynanın gələcək rəhbərini müəyyənləşdirmək hüququnun yalnız ölkə vətəndaşlarına məxsus olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Zelenski oktyabrın 11-də “ABC News” telekanalının This Week proqramına müsahibəsində Trampın açıqlamasına münasibət bildirib.

“Prezident Trampa bütün hörmətimlə bildirirəm ki, bu və ya digər lideri seçmək bizim cəmiyyətimizin, xalqımızın işidir”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri qeyd edib ki, ölkədə davam edən müharibə şəraitində prezident seçkilərinin keçirilməsi ciddi təhlükəsizlik və hüquqi çətinliklər yaradır. Onun sözlərinə görə, hərbi vəziyyət dövründə mövcud qanunvericilik seçkilərin keçirilməsinə imkan vermir.

Bununla belə, Zelenski Rusiyanın 60 günlük tam atəşkəsə razılaşacağı təqdirdə prezident seçkilərini təşkil etməyə hazır olduğunu açıqlayıb.

“Putinə deyin ki, bizə iki ay – 60 günlük tam atəşkəs versin. Biz də seçkiləri təşkil edək”, – deyə o bildirib.

Zelenski həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukraynada hakimiyyət dəyişikliyində maraqlı olduğunu iddia edib. O vurğulayıb ki, seçkilər keçirilərsə, Ukrayna xalqının istənilən qərarını qəbul etməyə hazırdır.

Qeyd edək ki, Donald Tramp oktyabrın 10-da jurnalistlərə açıqlamasında Ukraynanın yeni prezidentə ehtiyacı olduğunu söyləyib. ABŞ lideri Zelenskinin müharibəni dayandırmaq imkanlarından istifadə etmədiyini iddia edərək onun yerinə Moskva ilə razılığa gələ biləcək başqa rəhbərin seçilməsini təklif edib.

“Associated Press” agentliyinin məlumatına görə, Trampın bu açıqlaması Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını tənqid etməsi və Moskva ilə dizel yanacağına dair razılaşma elan etməsindən sonra səsləndirilib.

ABŞ və Ukrayna prezidentləri arasında yaranan fikir ayrılıqları müharibənin dayandırılması istiqamətində diplomatik səylərin davam etdiyi bir dövrə təsadüf edir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.