Malayziyanın sabiq baş naziri Nəcib Razak çoxmilyardlı 1MDB qalmaqalı çərçivəsində keçirilən ən iri məhkəmə prosesində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib. Qərar ölkədə ciddi siyasi nəticələr doğura bilər.
Məhkəmə hələ yekun hökmü və cəza müddətini tam açıqlamayıb. Lakin qərar Razakın daha uzunmüddətli həbs cəzası və böyük məbləğdə cərimə ilə üzləşə biləcəyi ehtimalını gücləndirir.
Malayziya və ABŞ istintaq orqanlarının məlumatına görə, 2009-cu ildə Nəcib Razakın həmtəsisçisi olduğu dövlət fondu — “1Malaysia Development Berhad” (1MDB) vasitəsilə azı 4,5 milyard dollar mənimsənilib. İddialara əsasən, bu vəsaitin 1 milyard dollardan çoxu birbaşa və ya dolayısı ilə Razakla əlaqəli bank hesablarına köçürülüb. Sabiq baş nazir ittihamları ardıcıl şəkildə rədd edib.
Hakim Kollin Lourens Sekera hökmü oxuyarkən bildirib ki, Razakın ittihamların “siyasi motivli təqib” olduğu barədə arqumentləri “təkzibedilməz sübutlarla” alt-üst edilib. Hakimin sözlərinə görə, təqdim edilən dəlillər Razakın 1MDB-də ona verilmiş geniş səlahiyyətlərdən sui-istifadə etdiyini açıq şəkildə göstərir.
Nəcib Razaka qarşı 4 maddə üzrə korrupsiya, 21 maddə üzrə isə çirkli pulların yuyulması ittihamı irəli sürülüb. O, 1MDB-dən 2,3 milyard ringgitdən (təxminən 569 milyon dollar) çox qanunsuz vəsait qəbul etməkdə günahlandırılır. Hər bir maddə üzrə 15–20 ilədək həbs və mənimsənilən məbləğin beş mislinədək cərimə nəzərdə tutulur.
Hakim vurğulayıb ki, istintaq Razak ilə hazırda axtarışda olan maliyyəçi Co Lo (Jho Low) arasında “aydın və inkaredilməz əlaqə”ni üzə çıxarıb. Məhkəmənin qənaətinə görə, Lo sabiq baş nazirin 1MDB məsələlərində “vasitəçisi və nümayəndəsi” kimi çıxış edib.
ABŞ-da ittiham olunan Co Lo günahını qəbul etmir və onun harada olduğu məlum deyil.
Razak məhkəmədə vəsaitlərin Səudiyyə Ərəbistanı kral ailəsindən ianə olduğunu düşündüyünü desə də, hakim bu arqumenti “inandırıcı olmayan” kimi qiymətləndirib. Razak tərəfindən təqdim edilən və ianələri təsdiqlədiyi iddia olunan məktubların sübutlarla təsdiqlənmədiyi və ehtimal ki, saxta olduğu bildirilib.
“Məntiqi nəticə budur ki, ‘ərəb ianəsi’ versiyasının hüquqi əsası yoxdur və vəsaitlərin məhz 1MDB-dən gəldiyi açıq şəkildə sübuta yetirilib,” – deyə hakim qeyd edib.
Qərar hazırkı baş nazir Ənvər İbrahimin hökuməti üçün də ciddi sınaq kimi qiymətləndirilir. Hökm, Razakın cəzasını ev dustaqlığı ilə əvəz etmək cəhdinin bir neçə gün əvvəl məhkəmə tərəfindən rədd edilməsindən sonra elan olunub. Bu isə koalisiya daxilində gərginliyi yenidən alovlandırıb.
Razakın partiyası olan Birləşmiş Malay Milli Təşkilatı (UMNO) 2022-ci il seçkilərində Ənvər İbrahimə qarşı çıxsa da, sonda parlamentdə heç bir blokun çoxluq əldə etməməsi səbəbilə onun koalisiyasına qoşulmuşdu.
Bəzi UMNO liderləri ev dustaqlığının rədd edilməsindən narazılıq ifadə edib, digərləri isə Ənvərin koalisiyasındakı bəzi siyasətçilərin bu qərarı sosial mediada alqışlamasına etiraz ediblər. Baş nazir Ənvər İbrahim tərəfləri sakitliyə çağıraraq məhkəmə qərarının “səbir və müdrikliklə” qəbul edilməsini istəyib.
Nəcib Razak 2022-ci ilin avqustundan həbsdədir. Həmin vaxt Malayziyanın ali məhkəməsi onu 1MDB-yə bağlı başqa bir iş üzrə korrupsiyada təqsirli bilmişdi. 12 illik həbs cəzası ötən il əfv şurası tərəfindən yarıya endirilmişdi.