Hindistan Trampın paylaşdığı “hellhole” ifadəsinə sərt etiraz etdi

Donald Trampın Truth Social-da paylaşdığı materialda Hindistanın “hellhole” kimi təqdim olunması Yeni Dehlidə etiraz doğurub. Hindistan XİN bu sözləri məlumatsız, yersiz və pis zövqlü adlandırıb. 

14

ABŞ Prezidenti Donald Trampın doğumla vətəndaşlıq mövzusunda paylaşdığı materialda Hindistanın “hellhole”, yəni “cəhənnəm kimi yer”, “bərbad yer” kimi təqdim olunması Yeni Dehlidə kəskin reaksiya doğurub.

“Reuters”-in məlumatına görə, sözügedən ifadə Trampın özü tərəfindən yazılmayıb; o, mühafizəkar aparıcı Maykl Savacın radio şousunun transkriptini “Truth Social” hesabında əlavə şərh vermədən paylaşıb. Həmin mətnin bir hissəsində Çin və Hindistandan ABŞ-a gələn ailələr aşağılayıcı ifadə ilə təsvir olunurdu.

Hindistan Xarici İşlər Nazirliyi bu paylaşımı sərt tənqid edib. Nazirliyin sözçüsü Randhir Caisval bəyan edib ki, bu sözlər “məlumatsız, yersiz və pis zövqlüdür” və Hindistan–ABŞ münasibətlərinin reallığını əks etdirmir. Rəsmi Yeni Delhi vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr uzun müddətdir qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulub.

Məsələnin diplomatik təsirini yumşaltmaq üçün ABŞ-ın Yeni Delhidəki səfirliyi də reaksiya verib. Səfirlik Trampın daha əvvəl Hindistanı “böyük ölkə”, Narendra Modini isə “yaxın dost” adlandırdığını xatırladıb. Bununla Vaşinqton tərəfi qalmaqalın ikitərəfli münasibətlərə daha ciddi zərbə vurmasının qarşısını almağa çalışıb.

Hadisə ABŞ-da doğumla vətəndaşlıq hüququ ətrafında hüquqi və siyasi mübahisələrin qızışdığı vaxta təsadüf edir. Tramp bu hüququ məhdudlaşdırmağa yönəlmiş addımlar atıb və məsələ artıq Ali Məhkəməyə qədər çıxıb. Eyni zamanda, Hindistan və ABŞ ticarət sahəsində münasibətləri sabitləşdirməyə çalışır; bu həftə Vaşinqtonda keçirilən danışıqlar Hindistan hökuməti tərəfindən “konstruktiv və müsbət” kimi dəyərləndirilib. Bu da göstərir ki, siyasi ritorikadakı sərtlik fonunda tərəflər iqtisadi kanalları açıq saxlamağa çalışırlar.