ABŞ Prezidenti Donald Tramp siyasi motivlərlə ona və ona məxsus şirkətlərə bank xidmətlərinin dayandırıldığını əsas gətirərək ABŞ-ın ən böyük maliyyə qurumlarından biri olan “JPMorgan Chase” bankına və bankın baş icraçı direktoru Ceymi Daymona qarşı 5 milyard dollar məbləğində iddia qaldırıb.
Mayami şəhərində yerləşən məhkəməyə təqdim edilən iddia ərizəsində bankın öz etik kodeksini pozduğu iddia olunur. Sənəddə qeyd edilir ki, “JPMorgan Chase” Trampa və onunla əlaqəli bəzi şirkətlərə məxsus bank hesablarını birtərəfli qaydada, əvvəlcədən xəbərdarlıq etmədən və alternativ həll yolu təklif etmədən bağlayıb. İddia ərizəsində Tramp və onun şirkətlərinin uzun illər ərzində “JPMorgan Chase” vasitəsilə yüz milyonlarla dollar həcmində maliyyə əməliyyatları apardığı vurğulanır. Buna baxmayaraq, bankın 19 fevral 2021-ci il tarixində Trampa və ona bağlı şirkətlərə məxsus bəzi hesabların 19 aprel 2021-ci il tarixindən etibarən bağlanacağını heç bir əsaslandırma təqdim etmədən bildirdiyi qeyd olunur.
Sənəddə bu qərarın sırf kommersiya və risk idarəçiliyi səbəbləri ilə deyil, siyasi və sosial motivlərlə verildiyi iddia edilir və bank rəhbərliyinin Trampdan və onun mühafizəkar siyasi mövqeyindən uzaqlaşmaq istədiyi vurğulanır.
Tramp tərəfi hesab edir ki, bu addım bank sektorunda siyasi ayrı-seçkiliyin bariz nümunəsidir və hüquqi baxımdan yolverilməzdir. İddia ərizəsində “JPMorgan Chase”-in bu qərarı nəticəsində Tramp və ona məxsus şirkətlərin ciddi maliyyə zərərinə məruz qaldığı, həmçinin biznes nüfuzuna xələl gəldiyi bildirilir.
Məhz, bu səbəbdən Tramp tərəfi ən azı 5 milyard dollar məbləğində maddi təzminat tələb edir. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 17-də sosial media hesabında paylaşdığı açıqlamada 6 yanvar hadisələrindən sonra ona bank xidmətlərini dayandırdığını iddia etdiyi “JPMorgan Chase”-ə qarşı məhkəmə iddiası qaldıracağını elan etmişdi. Analitiklər bu məhkəmə prosesinin ABŞ-da maliyyə institutlarının siyasi neytrallığı, bankların müştəri seçimi hüququ və ifadə azadlığı mövzularında geniş müzakirələrə yol aça biləcəyini bildirirlər.