Ukraynalı dron operatorları NATO təlimində üstünlük göstərdi

Ukraynalı FPV dron operatorları İsveçin Qotland adasında keçirilən “Aurora 26” təlimində NATO qüvvələrinə qarşı şərti düşmən rolunda çıxış edərək müasir dron müharibəsinin təsirini nümayiş etdiriblər.

8

Ukraynalı dron operatorları İsveçin strateji əhəmiyyətli Qotland adasında keçirilən “Aurora 26” hərbi təlimində NATO qüvvələrinə qarşı şərti düşmən rolunda iştirak ediblər.

MSNews.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, ukraynalı FPV dron pilotları təlim zamanı İsveç qüvvələrinə qarşı “aqressor” tərəf kimi çıxış edib və dronlardan istifadə etməklə müttəfiq bölmələrin müdafiə imkanlarını sınaqdan keçiriblər.

NATO-nun məlumatında bildirilir ki, “Aurora 26” İsveçdə keçirilən genişmiqyaslı təlimdir və burada 13 ölkədən 18 mindən çox hərbçi iştirak edib. Ukrayna Silahlı Qüvvələrinin təcrübəli dron operatorları İsveç ordusunun dron bölmələri ilə birlikdə kəşfiyyat və hücum dronlarından istifadə edərək müttəfiq qüvvələrin yeni təhlükələrə uyğunlaşmasını yoxlayıblar.

İsveç Silahlı Qüvvələrinin açıqlamasına əsasən, Ukrayna “Aurora 26” təlimində bir neçə dron bölməsi ilə iştirak edib və müharibə şəraitində qazandığı dron döyüşü və müasir müdafiə taktikası üzrə təcrübəsini İsveç və NATO qüvvələri ilə bölüşüb.

“Associated Press” yazır ki, təlimdə iştirak edən 24 yaşlı ukraynalı dron operatoru, hərbi qaydalara uyğun olaraq “Tarik” çağırış adından istifadə edib. Onun sözlərinə görə, ukraynalı pilotların hücumları nəticəsində təlim üç dəfə dayandırılıb ki, qoşunlar situasiyanı yenidən qiymətləndirə və taktiki səhvləri düzəldə bilsinlər.

Kyiv Post”un məlumatına görə, Ukrayna dron komandaları təlimdə şərti düşmən kimi çıxış edərək İsveç/NATO bölmələrinin çoxsaylı texnikasını və şəxsi heyətini “məhv edilmiş” kimi qeydə aldırıb. Nəşr Ukraynanın 1-ci Ordu Korpusuna istinadən yazır ki, bəzi mərhələlərdə ukraynalı FPV pilotlarının effektivliyi səbəbindən təlimin davam etdirilməsi üçün şərti olaraq sıradan çıxarılan bölmələr yenidən oyuna qaytarılıb.

Təlim ssenarisi Qotland adasının müdafiəsi üzərində qurulub. “Associated Press”in məlumatına görə, Qotland Baltik dənizində, Rusiyanın Kalininqrad eksklavı ilə İsveç arasında strateji mövqedə yerləşir. İsveç hərbi rəhbərliyi adanın müdafiəsini NATO-nun Baltik regionundakı təhlükəsizliyi baxımından mühüm hesab edir.

Ekspertlər və hərbi rəsmilər təlimin NATO üçün ciddi siqnal olduğunu bildirirlər. Dronların, xüsusilə ucuz və çevik FPV aparatlarının müasir döyüş meydanında zirehli texnika və klassik müdafiə mövqeləri üçün ciddi təhlükə yaratdığı bir daha nümayiş etdirilib.

ABŞ hərbçisi briqada generalı Curtis King “Associated Press”ə bildirib ki, ukraynalıların verdiyi əsas dərs bölmələrin aşkarlanmamaq və sağ qalmaq imkanlarına daha çox fokuslanmalı olmasıdır. İsveçin Baş Qərargah rəisi general Michael Claesson isə Qərb qüvvələrinin dron və antidron əməliyyatlarını sürətlə öyrənməli olduğunu vurğulayıb.

Beləliklə, Qotlanddakı “Aurora 26” təlimi Ukrayna müharibəsində formalaşan dron təcrübəsinin NATO üçün nə qədər vacib olduğunu göstərən real nümunələrdən biri kimi qiymətləndirilir.