Polşalı deputatdan qalmaqallı çağırış: “Müsəlmanların girişini qadağan edərdim”

Polşalı Avropa Parlamenti deputatı Dominik Tarçinski müsəlmanların ölkəyə girişinin və Avropada yeni məscidlərin tikintisinin qadağan olunmasını dəstəkləyib. Onun açıqlamaları müzakirələrə səbəb olub.

62

Polşanın Hüquq və Ədalət Partiyasından (PiS) olan Avropa Parlamenti deputatı Dominik Tarçinski müsəlmanların Polşaya girişinin və Avropada yeni məscidlərin tikintisinin qadağan olunmasını dəstəkləyib. Siyasətçi İslamın Qərb dəyərləri ilə uyğun gəlmədiyini iddia edərək oxşar məhdudiyyətlərin digər Avropa ölkələrində də tətbiq olunmasının tərəfdarı olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Tarçinski bu fikirləri britaniyalı jurnalist Pirs Morqanın oktyabrın 22-də yayımlanan verilişində səsləndirib. Bu barədə “The Economic Times” və “wPolityce” məlumat yayıb.

Müsahibə zamanı Morqan Tarçinskidən müsəlman miqrantların Fransaya girişinin tamamilə qadağan edilməsini dəstəkləyib-dəstəkləmədiyini soruşub. Deputat bu suala müsbət cavab verərək İslamın Qərb dəyərləri ilə bir araya sığmadığını iddia edib.

Tarçinski Polşada müsəlman miqrasiyasına qarşı olduğunu xüsusi vurğulayıb. O, Fransa və Böyük Britaniyada da oxşar məhdudiyyətlərin tərəfdarı olduğunu bildirib.

Deputat Avropada yeni məscidlərin tikintisinin qadağan edilməsinə də çağırıb.

Siyasətçi bu mövqeyini Qətərdə xristian ibadət yerlərinin tikintisinə qoyulan məhdudiyyətlərlə əsaslandırıb.

“Xristianlar Qətərdə kilsə və kafedrallar tikə bilmədikləri müddətdə Avropada məscidlər olmamalıdır”.

Tarçinski Fransada və Böyük Britaniyada miqrasiya ilə bağlı vəziyyəti də tənqid edərək hər iki ölkənin ciddi problemlərlə üzləşdiyini iddia edib.

Pirs Morqan isə deputatın açıqlamalarını dini ayrı-seçkilik kimi qiymətləndirib.

Aparıcı Tarçinskini dözümsüzlükdə ittiham etdikdə siyasətçi mövqeyindən geri çəkilməyərək Qətərə və cihadçılara güzəştə getməkdənsə, dözümsüz hesab olunmağa üstünlük verdiyini bildirib.

Tarçinskinin açıqlamaları Avropada miqrasiya siyasəti, dini azadlıqlar və müsəlman icmalarının hüquqları ətrafında müzakirələr fonunda səslənib.

Qeyd edək ki, deputatın səsləndirdiyi fikirlər Polşa hökumətinin və ya Avropa İttifaqının rəsmi qərarı deyil. Müsəlmanların ölkəyə girişinin və məscidlərin tikintisinin ümumi şəkildə qadağan olunması barədə hər hansı yeni qanun qəbul edilməyib.
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.