Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Azərbaycanın qarşıdakı dövr üçün əsas strateji vəzifələrini açıqlayıb. Dövlət başçısı hərbi gücün artırılması və təhlükəsizliyin təmin edilməsini əsas prioritetlər sırasında göstərib, eyni zamanda sosial rifah, iqtisadi inkişaf, enerji, tranzit imkanları və Qarabağla Şərqi Zəngəzurun bərpası üzrə hədəflərdən danışıb. Вставленный Markdown
MSNews.az xəbər verir ki, Prezident bildirib ki, Azərbaycanla Ermənistan arasında hazırda müharibə və münaqişə yoxdur, sərhəddə sakitlikdir, sülh müqaviləsi paraflanıb və tərəflər arasında təmaslar mövcuddur. Bununla belə, İlham Əliyev hərbi potensialın bundan sonra da artırılmasını əsas vəzifələrdən biri adlandırıb.
Dövlət başçısı bunu həm Azərbaycanın keçmişdə üzləşdiyi münaqişə, həm də dünyada müharibə və qarşıdurmaların genişlənməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycan istənilən hərbi təxribata cavab verə biləcək gücə sahib olmalıdır.
Prezident açıqlayıb ki, hazırda müzakirə edilən gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təxminən 9 milyard manat vəsait nəzərdə tutulur.
İlham Əliyev ideoloji təhlükəsizliyi də fiziki təhlükəsizlik qədər əhəmiyyətli adlandırıb. O, internet, kiberhücumlar və süni intellekt dövründə ideoloji risklərin sərhəd tanımadığını bildirərək təhsil və vətənpərvərliyin belə təsirlərə qarşı əsas vasitələrdən olduğunu deyib.
Xarici siyasətdən danışan Prezident Azərbaycanın heç bir siyasi düşərgəyə qoşulmaq niyyətində olmadığını bildirib. O, ölkənin müxtəlif siyasi qütblərlə əlaqələr qurduğunu, eyni zamanda müstəqil xarici siyasət yürütmək xəttini davam etdirəcəyini vurğulayıb.
Maaş və pensiyalar artırılacaq
Prezident sosial sahə ilə bağlı da yeni açıqlama verib. İlham Əliyevin sözlərinə görə, gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı artıq göstəriş verilib.
Dövlət başçısı iqtisadi inkişaf üçün xarici investisiyaların əhəmiyyətini vurğulayaraq Azərbaycanda son iki ildə keçirilən beynəlxalq investisiya forumları çərçivəsində imzalanmış müqavilələrin ümumi dəyərinin 20 milyard dolları keçdiyini bildirib.
İlham Əliyevin açıqladığı rəqəmlərə görə, Azərbaycanın xarici borcu ÜDM-in 5,6 faizini, valyuta ehtiyatları isə 90 milyard dolları təşkil edir.
Tranzit üçün 30 milyon tonluq hədəf
Prezident Azərbaycanın enerji və nəqliyyat imkanlarının genişləndirilməsinin də strateji istiqamətlərdən olduğunu bildirib. Onun sözlərinə görə, ölkə neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr istehsal və ixrac edir.
İlham Əliyev bu il Azərbaycan ərazisindən keçəcək tranzit yüklərin həcminin 16 milyon tona çatmasının gözlənildiyini, orta müddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılmasının hədəfləndiyini açıqlayıb.
Qarabağ və Şərqi Zəngəzurun bərpası da qarşıdakı əsas vəzifələrdən biri kimi göstərilib. Prezidentin açıqlamasına görə, hazırda bu ərazilərdə 96 min nəfər yaşayır, işləyir və təhsil alır. Bölgələrin inkişafına indiyədək 28 milyard manat ayrılıb, keçmiş məcburi köçkünlər isə 48 yaşayış məntəqəsində məskunlaşıblar.
Dövlət başçısı qarşıdakı illərdə Böyük Qayıdış prosesinin daha sürətlə davam etdiriləcəyini bildirib.





