ABŞ-ın nüfuzlu “Politico” nəşri Avropa İttifaqı liderlərini sərt və ironik üslubda tənqid edərək 2025-ci ili Avropa üçün “tam miqyaslı siyasi fəlakət” adlandırıb. “Daha pis ola bilməz, elə deyilmi?” sərlövhəli köşə yazısında qəzet Avropadakı liderlik böhranını və siyasi xaosu istehza ilə təsvir edir.
Məqalədə Almaniyada kansler postunda Olaf Şoltsun yerini Fridrix Mertsin tutması xüsusi istehza ilə şərh olunur. “Politico” Mertsi “sanki supermarketdə onun park yerini zəbt etmisiniz kimi baxan siyasətçi” kimi təsvir edir və Şoltsu “Kapitan Xarizma” adlandıraraq ironiyanı daha da gücləndirir.
Qəzet Fransa və İtaliyanın rollarının dəyişdiyini yazır. “Politico”-ya görə, Fransa gözlənilmədən sabitlik nümunəsinə çevrildiyi halda, İtaliya “əl işi, zərif bir siyasi xarabaya” bənzəyir. Yazıda hətta istehzayla qeyd olunur ki, İtaliyada baş nazir postu o qədər tez-tez dəyişib ki, məqalə yazılan anda bu vəzifəni guya məşhur futbolçu Erik Kantona icra edirdi.
“Politico” ABŞ prezidenti Donald Trampın qlobal siyasətdə rolunu isə “supermarketdə bal bölməsinə girən ayı”ya bənzədir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə “lazımsız invaziv cərrahiyyə əməliyyatı qədər populyar” kimi təqdim olunur.
Məqalənin sonunda müəlliflər 2025-ci ili “yanan zibil konteynerləri ili” adlandıraraq, bir çoxlarının özlərini kosmosda 10 gün əvəzinə 10 ay qalmış amerikalı astronavtlar Suni Uilyams və Butç Uilmor yerində görmək istədiklərini yazırlar.
Bununla belə, “Politico” Avropa siyasətində bəzi “müsbət” məqamları da istehza ilə qeyd edir. Xüsusilə, Avropa Şurasının yeni prezidenti Antoniu Koştanın sələfi Şarl Mişeldən daha uğurlu olduğu bildirilir. Qəzetin yazdığına görə, bu vəzifə əsasən görüşlər üçün kifayət qədər qazlı su sifariş etməkdən ibarətdir və “Exki sendviçinin kağız qablaşdırması belə Mişeldən daha yaxşı iş görə bilərdi”.