Venesuela lideri Maduro: “BMT Təhlükəsizlik Şurasından böyük dəstək almışıq”

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın neft tankerlərini müsadirə etməsinə görə BMT Təhlükəsizlik Şurasında ölkəsinin “əzici dəstək” gördüyünü açıqlayıb.

55

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Venesuelaya məxsus neft tankerlərini müsadirə etməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında ölkəsinin “əzici dəstək” gördüyünü bildirib.

Paytaxt Karakasda Yeni il yarmarkasını ziyarət edən Maduro jurnalistlərə açıqlamasında Venesuelanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında keçirilmiş təcili iclasa toxunub. O, ABŞ-ın Venesuelaya məxsus neft tankerlərini ələ keçirməsini bir daha “dəniz quldurluğu” adlandırıb.

“Venesuelanı heç kim məğlub edə bilməz. Təhlükəsizlik Şurası Venesuelanın azad naviqasiya və azad ticarət hüququna çox güclü dəstək verir,” – deyə Maduro vurğulayıb.

Venesuelanın xarici nşlər naziri İvan Gil isə sosial şəbəkə hesabında yaydığı açıqlamada, BMT Təhlükəsizlik Şurasındakı iclasda ABŞ hökumətinin “bütün yalanlarının ifşa edildiyini” iddia edib.

ABŞ-ın müstəmləkəçi düşüncə tərzi ilə hərəkət etdiyini bildirən Gil qeyd edib ki, dünyada heç bir ölkə – hətta ABŞ-ın tarixi müttəfiqləri belə – guya narkotiklərlə mübarizə adı altında azad və suveren bir xalqı ram etmək məqsədilə güc tətbiqini və ya güc tətbiqi hədəsini dəstəkləməyib. Onun sözlərinə görə, iclasda Venesuela xalqına məxsus olan neft ehtiyatlarının açıq dənizlərdə müsadirə edilməsinə yönəlmiş “dəniz quldurluğu aktları” kəskin şəkildə pislənib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 16 dekabr tarixində “narkotik terrorizmini maliyyələşdirdiyi” iddiası ilə Venesuelaya daxil olan və ya ölkədən çıxan sanksiya siyahısındakı bütün neft tankerlərinə qarşı “tam və hərtərəfli blokada” tətbiq edilməsi barədə göstəriş vermişdi.

Maduro isə bir gün əvvəl Trampa cavab olaraq bildirmişdi: “Məncə, Prezident Tramp öz ölkəsindəki problemlərlə məşğul olmalıdır. İqtisadi və sosial məsələlərə fokuslansa, dünyanın qalan hissəsi ilə münasibətləri də daha yaxşı olar. Hər bir prezident öz işi ilə məşğul olmalıdır.”