İran Avropa İttifaqı ölkələrinin ordularını terror siyahısına saldığını açıqladı

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Aİ-nin İnqilab Keşikçilərini terror təşkilatı elan etməsinə cavab olaraq Avropa ordularının terror siyahısına salındığını bildirib.

49

İran Avropa İttifaqı (Aİ) ölkələrinin ordularını terror siyahısına daxil etdiyini bəyan edib. Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf çıxışında bildirib.

İranın rəsmi xəbər agentliyi “IRNA”nın məlumatına görə, Qalibaf İran parlamentində deputatlara müraciət edərək, Aİ-nin İran İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab olaraq qarşılıqlı addım atıldıqlarını qeyd edib.

Qalibaf bildirib:

“Qarşılıqlılıq qanununa əsasən, İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsinə cavab olaraq Avropa ölkələrinin orduları terrorçu qruplar kimi tanınır. Bu qərarın nəticələrinə görə məsuliyyət Avropa İttifaqının üzərinə düşür.”

İran parlamentinin sədri Aİ-nin bu qərarı ABŞ-ın təsiri altında qəbul etdiyini də vurğulayıb.

Parlament iclası zamanı İnqilab Keşikçiləri Korpusunun hərbi geyimində iştirak edən deputatlar ABŞ və Aİ əleyhinə şüarlar səsləndiriblər.

“Tasnim” Xəbər Agentliyinin məlumatına görə, Qalibafın çıxışından sonra söz alan İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi, Strateji Fəaliyyət Qanununa istinad edərək Aİ-yə üzv ölkələrin Tehrandakı səfirliklərində çalışan hərbi attaşelərin “terrorçu statusunda” olduğunu və ölkədən çıxarılmalı olduqlarını bildirib.

Səlimi qeyd edib ki, qüvvədə olan qanunvericiliyə əsasən terrorçu hesab edilən şəxslərin ölkədə qalması və ya diplomatik status daşıması mümkün deyil və İran Xarici İşlər Nazirliyi bu məsələdə dərhal tədbir görməlidir.

Qalibaf isə bu məsələ ilə bağlı parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasına tapşırıq verildiyini və prosesin Xarici İşlər Nazirliyi ilə birgə izlənəcəyini açıqlayıb.

Xatırladaq ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas yanvarın 29-da “X” platformasında paylaşım edərək Aİ xarici işlər nazirlərinin İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıdığını bildirmişdi.

Qeyd edək ki, İran parlamenti hələ 2023-cü ildə Aİ-nin İnqilab Keşikçilərini terror siyahısına salacağı təqdirdə, Avropa ordularının da terror təşkilatı elan olunmasını nəzərdə tutan qanun qəbul etmişdi. Oxşar addım 2019-cu ildə ABŞ-ın İnqilab Keşikçilərini terror təşkilatı elan etməsindən sonra da atılmışdı.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.