Bəndər-Abbas dəmir yolu qovşağı vuruldu: iki nəfər yaralandı

İran mənbələri ABŞ zərbəsi nəticəsində Bəndər-Abbas dəmir yolu qovşağının zədələndiyini və iki nəfərin yaralandığını bildirir. Hücumdan sonra sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.

9

MSNews.az xəbər verir ki, İranın “Gənc Jurnalistlər Klubu — YJC” Hörmüzqan vilayətindəki yerli qurumlara istinadla dəmir yolu qovşağının ABŞ qüvvələrinin hücumuna məruz qaldığını bildirib. Yaralıların tibbi yardım üçün xəstəxanaya aparıldığı qeyd olunub.

“IRNA” agentliyinin məlumatına görə, zərbə nəticəsində stansiyanın infrastrukturu zədələnib və Bəndər-Abbasdan hərəkət edən bəzi sərnişin qatarlarının cədvəlində dəyişiklik edilib. Sərnişinlərə stansiyaya biletdə göstərilən vaxtdan bir saat əvvəl gəlmək tövsiyə olunub.

Hücum edilən qovşaq Bəndər-Abbasdan təxminən 10 kilometr qərbdə yerləşir. Burada dəmir yolu sərnişin və yük xətlərinə, Şəhid Rəcai limanına və Bəndər-Abbas stansiyasına ayrılır. Buna görə obyekt regionun yük və sərnişin daşımalarında mühüm rol oynayır.

ABŞ Mərkəzi Komandanlığı — “CENTCOM” son hücum dalğasında İranın sahil müşahidə və hava hücumundan müdafiə sistemləri ilə yanaşı, “hərbi logistika infrastrukturunun” da vurulduğunu açıqlayıb. Lakin komandanlıq Bəndər-Abbas dəmir yolu qovşağını ayrıca hədəf kimi göstərməyib.

“Reuters” İranın cənubunda körpülərin, dəmir yolu obyektinin və hava limanının vurulduğu barədə yerli medianın məlumat yaydığını bildirir. Agentlik bu məlumatları müstəqil şəkildə yoxlaya bilmədiyini qeyd edib.

Dəmir yolu qovşağına hücum Bəndər-Xəmir rayonundakı körpülərə və Bəndər-Abbasın digər ərazilərinə zərbələrlə eyni vaxtda baş verib. İran mənbələrinin son məlumatına görə, Hörmüzqan vilayətində həmin gecə keçirilən hücumlar ümumilikdə azı səkkiz nəfərin ölümünə və 19 nəfərin yaralanmasına səbəb olub. Dəmir yolu qovşağında ölənlərin olmadığı bildirilir.