Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ni ölkəsinə qarşı “amansız müharibə” aparmaqda ittiham edib.
MSNews.az xəbər verir ki, Dias-Kanel bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Kuba lideri “X” platformasındakı açıqlamasında ABŞ-nin Kubaya qarşı “təcavüzünün fasiləsiz olduğunu” və ölkəni məğlub edə bilmədiyi üçün təzyiqləri artırdığını bildirib.
Dias-Kanelin sözlərinə görə, Vaşinqtonun atdığı addımlar Kubanı əhalinin əsas ehtiyaclarını təmin etmək imkanından məhrum etməyə yönəlib. O, gəlir mənbələrinə, maliyyə kanallarına çıxışa, yanacaq tədarükünə və texnologiya transferinə zərbələr endirildiyini iddia edib.
“EFE” agentliyinin məlumatına görə, açıqlama ABŞ-nin Kuba ilə əlaqəli beş qurum və bir fiziki şəxsə qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra verilib. ABŞ Dövlət Departamenti həmin sanksiyaların Kuba hökumətinin gəlir şəbəkəsini məhdudlaşdırmaq məqsədi daşıdığını bildirib.
“OFAC” məlumatında sanksiya siyahısına Annalie Lilliam Rueda Cardero və bir sıra Kuba qurumlarının daxil edildiyi göstərilir. “Associated Press” isə qərarın Kubanın onsuz da ağır iqtisadi vəziyyəti fonunda xarici investorlar üçün riskləri artıra biləcəyini yazıb.