Tramp iğtişaşların davam etdiyi Minnesotaya Tom Homanı göndərir

ABŞ Prezidenti Donald Tramp ICE tərəfindən iki vətəndaşın öldürülməsindən sonra gərginliyin artdığı Minnesotaya “sərhəd çarı” Tom Homanı göndərəcəyini açıqlayıb.

15

ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının iki ABŞ vətəndaşını öldürməsindən sonra gərginliyin artdığı bölgəyə sərhəd təhlükəsizliyindən məsul şəxs kimi tanınan Tom Homanı göndərəcəyini açıqlayıb.

Tramp “Truth Social” hesabında paylaşdığı mesajda Minnesotadakı hadisələri yaxından izlədiyini bildirib. Prezident qeyd edib ki, Tom Homan bölgəyə gedərək baş verənləri yerində araşdıracaq və nəticələrlə bağlı birbaşa ona məruzə edəcək. Tramp Homanı “sərt, lakin ədalətli” şəxs kimi xarakterizə edib.

ABŞ Prezidenti paylaşımında Minnesotada təxminən 20 milyard dollar dəyərində “sosial yardım fırıldağı”nın mövcud olduğunu iddia edib və bu məsələnin hazırda məhkəmə orqanları tərəfindən araşdırıldığını vurğulayıb. O, həmçinin Somali əsilli ABŞ Konqres üzvü Ilhan Omarı bir daha hədəf alaraq, demokrat siyasətçinin qısa müddətdə böyük sərvət əldə etdiyi iddiasını yenidən səsləndirib.

Hadisələr yanvarın 7-də Minneapolisdə ICE əməkdaşlarının miqrantlara qarşı əməliyyat zamanı 37 yaşlı ABŞ vətəndaşı Rene Nikol Maklin Qudu avtomobilində güllələyərək öldürməsindən sonra başlamışdı. Daxili Təhlükəsizlik naziri Kristi Noem həmin şəxsin ICE əməkdaşlarını avtomobillə vurmağa cəhd etdiyini iddia etmişdi. Yanvarın 24-də keçirilən etiraz aksiyaları zamanı daha bir şəxs ICE əməkdaşları tərəfindən saxlanılmaq istənilərkən güllələndi.

Minneapolis Polis Şefi Brayan O’Hara ikinci qurbanın 37 yaşlı, ABŞ vətəndaşı olduğunu, hər hansı cinayət keçmişinin mövcud olmadığını açıqlamışdı. O, həmin şəxsin silahı qanuni şəkildə əldə etdiyini və daşıma icazəsinin olduğunu bildirmişdi. Daha sonra Amerika Dövlət İşçiləri Federasiyası öldürülən şəxsin öz üzvlərindən biri, tibb bacısı kimi çalışan Aleks Cefri Pretti olduğunu açıqlayıb.

Minnesotada baş verən bu hadisələr ölkə üzrə ICE fəaliyyətləri, federal təhlükəsizlik qüvvələrinin səlahiyyətləri və polis zorakılığı ilə bağlı müzakirələri yenidən alovlandırıb.