ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar üçün Pakistana göndərilməsi planlaşdırılan xüsusi nümayəndələrin səfərini ləğv etdiyini açıqlayıb. Söhbət Trampın xüsusi elçisi Stiv Uitkoff və müşaviri Cared Kuşnerin İslamabada səfərindən gedirdi.
“Reuters”-in məlumatına görə, qərar İranın xarici işlər naziri Abbas Araqçinin Pakistana səfərindən sonra verilib və bu addım ABŞ-İran diplomatik təmasları ilə bağlı gözləntiləri zəiflədib.
Tramp Floridada “Air Force One” təyyarəsinə minməzdən əvvəl jurnalistlərə bildirib ki, Tehran tərəfindən təqdim olunan son təklif Vaşinqton üçün kifayət etməyib. O, ABŞ nümayəndələrinin “yetərli olmayan sənəd” üçün saatlarla uçuş etməyəcəyini deyərək, danışıqların telefon vasitəsilə aparıla biləcəyini vurğulayıb. “Biz bütün kozırlara sahibik. Onlar istədikləri vaxt bizə zəng edə bilərlər”, — deyə Tramp bildirib.
ABŞ Prezidenti İran daxilində ciddi qarışıqlıq olduğunu iddia edib. “Anadolu Agentliyi”nin məlumatına görə, Tramp “kim prosesi idarə edirsə, onunla danışmağa hazır olduğunu” bildirib və İran rəhbərliyində “dəhşətli daxili çəkişmə” yaşandığını deyib. O, həmçinin “İranın praktiki olaraq ordusunun və liderlərinin qalmadığını” iddia edib.
Tramp atəşkəs rejiminin davam edib-etməyəcəyi ilə bağlı suala isə qeyri-müəyyən cavab verib. O bildirib ki, bu məsələ barədə hələ düşünməyib. Prezidentin sözlərinə görə, İran tərəfi “çox şey təklif etsə də”, bu təklif razılaşma üçün yetərli olmayıb.
İran tərəfi isə ABŞ-ın diplomatiyaya nə dərəcədə ciddi yanaşdığına şübhə ilə yanaşır. “The Guardian” yazır ki, İran xarici işlər naziri Abbas Araqçi Pakistana səfərini “çox məhsuldar” adlandırsa da, Vaşinqtonun diplomatik prosesə səmimiyyətlə yanaşıb-yanaşmadığının hələ aydın olmadığını bildirib.
Hazırda ABŞ və İran arasında mümkün danışıqların nə vaxt və hansı formatda bərpa olunacağı məlum deyil. Tramp administrasiyası Tehranın daha uyğun təkliflə çıxış etməsini gözlədiyini bildirir, İran tərəfi isə birbaşa danışıqlar məsələsində ehtiyatlı mövqe nümayiş etdirir.