“The Washington Post” son on ildə ABŞ siyasətinə milyarderlərin təsiri ilə bağlı geniş araşdırma apararaq, 2015–2024-cü illər arasında ən çox siyasi ianə verən 20 zənginin adlarını açıqlayıb. Araşdırma göstərir ki, ölkədə siyasi proseslərə təsir imkanları heç vaxt bu qədər böyük olmayıb və milyarderlər müxtəlif seçki kampaniyaları, referendumlar və siyasi komitələrə ümumilikdə təxminən 5 milyard dollar yönəldiblər.
Nəşrin məlumatına görə, siyahıda yer alan milyarderlər ən çox federal kampaniyalara və ştat səviyyəsində seçki təşəbbüslərinə vəsait ayırıblar. İanələrin böyük hissəsi bir siyasi partiyanın xeyrinə edilib və demək olar ki, bütün iri donorlar vəsaitlərini yalnız öz seçdikləri ideoloji xəttə uyğun namizədlərin dəstəklənməsinə yönəldiblər. Məsələn, “LinkedIn”-in həmtəsisçisi Reid Hoffman siyasi xərclərinin 90 faizini Demokratları dəstəkləməyə sərf edib. Siyahıda adı keçən digər donorların əksəriyyəti isə Respublikaçılara sərmayə qoyub. Araşdırma göstərib ki, siyahıdakı milyarderlərdən heç biri həm Demokratlara, həm də Respublikaçılara 5 milyon dollardan çox ianə etməyib.
Ən böyük donor adını 658 milyon dollarlıq siyasi xərclə Miriam və mərhum Şeldon Adelson ailəsi qazanıb. Onların ardınca 573 milyon dollarla Maykl Blumberq, 507 milyon dollarla Riçard və Elizabet Uihlein ailəsi, 500 milyon dollarla Ken Qriffin və 321 milyon dollarla Corc Soros gəlir. Siyahıda həmçinin Ceff Yass, İlon Mask, Tom Stiyer, Dastin Moskovitz, Pritzker ailəsi, Pol Singer və digər tanınmış şəxslər var.
“Vaşinqton Post” qeyd edir ki, bu nəhəng məbləğlər milyarderlərin ümumi sərvəti ilə müqayisədə çox kiçik hissə təşkil edir. Məsələn, Adelsonların 658 milyon dollarlıq siyasi xərci onların sərvətinin cəmi 2 faizinə bərabərdir. 2024-cü ildə İlon Maskın siyasi kampaniyalara ayırdığı 294 milyon dollar isə adi bir amerikalı ailənin il ərzində təxminən 160 dollara bərabər xərci kimi qiymətləndirilir.
Araşdırma “Forbes” milyarderlər siyahısı, “OpenSecrets” məlumat bazası və ştat səviyyəsində siyasi maliyyələşdirmə hesabatlarına əsaslanıb. İanələrə seçki kampaniyalarına ödənişlər, siyasi komitələrə ianələr və ştat səviyyəsində referendum və təşəbbüslərə yönəldilmiş vəsaitlər daxildir.